Fransa Mədəniyyət Nazirliyində yüksək vəzifələrdə çalışmış keçmiş İnsan Resursları mütəxəssisi haqqında ciddi ittihamlar irəli sürülüb.
Milli.Az xəbər verir ki, araşdırmalara görə 2009-2018-ci illər arasında iş müsahibəsinə gələn 200-dən çox qadının içkisinə gizli şəkildə güclü sidikqovucu maddə əlavə edildiyi iddia edilir. Şübhəli şəxsin qadınlara çay və ya qəhvə təqdim etdikdən sonra onları uzun gəzintilərə apardığı, bəzi namizədlərin isə qəfil və idarəolunmaz şəkildə tualet ehtiyacı yaşadığı bildirilir.
Polisin araşdırması zamanı həmin şəxsin kompüterində "Experiments" adlı fayl aşkarlanıb. Sənəddə görüşlərin tarixləri, verilən maddənin dozası, qadınların reaksiyası və digər detallarla bağlı qeydlərin olduğu müəyyən edilib. Bundan əlavə, masanın altından qadın işçilərin ayaqlarını gizli şəkildə çəkilmiş fotoların da tapıldığı açıqlanıb.
Hadisə 2018-ci ildə bir əməkdaşın şübhəli davranışları müşahidə edib polisə məlumat verməsi ilə üzə çıxıb. Ardınca Paris prokurorluğu istintaqa başlayıb və 2019-cu ildə şübhəli şəxs "zərərli maddə vermə", "vəzifədən sui-istifadə", "cinsi xarakterli təcavüz", "şəxsi həyata müdaxilə" kimi maddələrlə rəsmi şəkildə ittiham olunub. O, həmin il vəzifəsindən uzaqlaşdırılıb.
Qadınların bir qismi onu məhkəməyə verərək təzminat alıb. Lakin iş üzrə cinayət prosesi hələ də davam edir və yekun hökm açıqlanmayıb. Hadisə Fransada geniş narazılıq doğurub və Mədəniyyət Nazirliyi əlavə olaraq institusional məsuliyyət daşımadığını bildirib.
İsmayıl
Milli.Az