Sinirləri sakitləşdirməyə kömək edən ən yaxşı çiçəklər: Ev hüzurla dolur

28 Noyabr 2025 23:35

Gündəlik həyatda çölə çıxıb gəzmək və ya təbiətlə baş-başa qalmaq həmişə mümkün olmur. Buna görə də evin içində təbiətin sağaldıcı gücündən faydalanmaq sinir sistemini dəstəkləmək üçün təsirli bir üsuldur. Bəzi bitkilər həm havanı təmizləyərək məkanı təravətləndirir, həm də qoxusu və enerjisi ilə sakitləşdirici bir atmosfer yaradır.

Milli.Az xəbər verir ki, araşdırmalara görə müəyyən ev bitkilərinin olduğu mühitlərdə stress səviyyəsi azalır, yuxu keyfiyyəti artır və zehni fəaliyyət daha müsbət təsirlənir.

Sinirləri sakitləşdirdiyi, ruh halını tarazladığı və enerjini gücləndirdiyi bilinən bitkilər...

Aloe vera yumşaq, ətli yarpaqları ilə tanınan bir bitkidir və sinir sistemini sakitləşdirməyə, zehni performansı artırmağa kömək edir. Eyni zamanda ümumi ruh halını yaxşılaşdırdığı, depressiya əlamətlərini yüngülləşdirdiyi və dəri qıcıqlanmalarının aradan qaldırılmasına təbii dəstək verdiyi qeyd olunur.

Açelya xüsusilə yataq otağında saxlanılması tövsiyə olunan bitkilərdən biridir. Otaqda xoş bir atmosfer yaradaraq sinirləri sakitləşdirdiyi, yuxunun tənzimlənməsinə kömək etdiyi və müsbət düşünmə qabiliyyətini dəstəklədiyi deyilir. Həmçinin ilham, enerji və güc verdiyi də ifadə olunur.

Qızılgül yalnız estetik bir ev bitkisi deyil; həm də emosional tarazlığı dəstəkləyən təbii bir mənbə hesab olunur. Evdəki enerjini yenilədiyi, depressiya və aqressiya hissini azaltdığı bildirilir. Gül yetişdirmək həmçinin mikro iqlimi yaxşılaşdıraraq məhsuldarlığı artıra bilir.

Sardunya (pelarqonium) havanı təmizləmə xüsusiyyəti ilə tanınan məşhur bir bitkidir. Yuxu keyfiyyətini artırdığı və sinir sisteminə müsbət təsir göstərdiyi qeyd olunur. Sardunyanın qoxusunun baş ağrısını yüngülləşdirdiyinə inanılır.

Xrizantema havadakı zərərli maddə və qazları təmizləyən fitonsidlər ifraz edir. Xüsusilə iş masasının üzərində saxlanılması tövsiyə olunur. Bu bitki ruh halını yaxşılaşdırmağa, zehni diriliyi artırmağa və gün ərzində müsbət enerji verməyə kömək edir.

Lalə Qüdrətova
Milli.Az