Rusiya Ali Məhkəməsi ABŞ hüquqi şəxsi olan Korrupsiyaya Qarşı Mübarizə Fondunun (Anti-Corruption Foundation - AFC) terror təşkilatı kimi tanınması iddiasını təmin edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə RBC-ya məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Qərar hakim Oleq Nefedov tərəfindən qapalı məhkəmə iclasında qəbul edilib və dərhal qüvvəyə minir.
Korrupsiyaya Qarşı Mübarizə Fondu 2011-ci ildə Aleksey Navalnı tərəfindən qeyri-kommersiya təşkilatı kimi yaradılıb. 2019-cu ilin oktyabr ayında Rusiya Ədliyyə Nazirliyi fondu xarici agent funksiyalarını yerinə yetirən təşkilatlar siyahısına əlavə edib. 2021-ci ilin yazında Moskva Şəhər Məhkəməsi onu ekstremist təşkilat kimi tanıyıb, fəaliyyətini qadağan edib və ləğv edilməsinə hökm verib.
Rusiyada qadağan edildikdən sonra Navalnının tərəfdaşları ABŞ-də yeni bir hüquqi şəxsi - "Anti-Corruption Foundation"u qeydiyyata alıblar. Daha sonra bu təşkilat Rusiya hökuməti tərəfindən xarici agentlər reyestrinə əlavə edilib və daha sonra arzuolunmaz təşkilat kimi tanınıb.
Oktyabrın əvvəlində Korrupsiyaya Qarşı Mübarizə Fondunu ekstremist təşkilat kimi maliyyələşdirdiyinə görə fondun keçmiş rəhbəri Leonid Volkovun (Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi təyin edilib) atası Mixail Volkov cərimələnib.
İstintaqın məlumatına görə, 2021-ci ilin avqust və sentyabr aylarında o, fondun hesabına 1000 rubl (22 manata yaxın) köçürüb. Fond həmin ilin iyun ayında ekstremist təşkilat kimi qəbul edilib.
Milli.Az