Yapon sürücülər bu sürətli və effektiv sistem sayəsində, hətta böyük hərraclarda belə, avtomobilin alınıb-alınmayacağına cəmi 5 dəqiqədə qərar verirlər. Buna görə nə avtomobili servisdə yoxlatdırmağa ehtiyac duyurlar, nə də maşından anlayan bir dostu yanlarında aparmağa.
Milli.Az xəbər verir ki, yaponların ilk etdiyi yoxlama avtomobilin gövdəsində hər hansı əyrilik olub-olmadığını müəyyənləşdirməyə yönəlmiş sadə bir baxış təhlilidir. Alıcı əvvəlcə avtomobilin sol ön küncündən sağ arxa tərəfinə, sonra isə tam tərs istiqamətə baxır. Faraların yanında kapotun yuxarı qalxması, baqaj qapağında işıq əksinin pozulması və ya künclərdə əyrilik görünməsi, avtomobilin keçmişdə qəzaya düşdüyünün vacib göstəricisi sayılır. Yaponların ifadəsi ilə: "Gövdəsi əyri olan maşın, ilk baxışdan yalan danışır."
Mühərrikin ümumi vəziyyəti yağ çubuğu ilə anındaca üzə çıxır. Yağ çubuğundan kəskin qoxu gəlirsə, deməli mühərrik həddindən artıq qızıb. Çubuq tam qaralmış vəziyyətdədirsə, bu yağın ən azı 15 min kilometrdir dəyişdirilmədiyi deməkdir.
Daha sonra kapotun temperaturu əl ilə yoxlanılır:
- Kapot çətinliklə isinirsə - mühərrik zəifdir
- İlıqdır, amma yandırmırsa - vəziyyət yaxşıdır
- Əl yandıracaq qədər istidirsə - mühərrikdə həddindən artıq qızma problemi var
Yaponiyada alıcılar kilometraj göstəricisinə yox, avtomobildəki aşınma izlərinə diqqət edirlər. Əgər sükanın dəri hissəsi soyulubsa, amma paneldə 78 min kilometr yazılıbsa, kilometrajın geri sarılması ehtimalı yüksəkdir. Hamarlaşmış əyləc pedalı 200 min kilometrdən artıq istifadə deməkdir. Sürücü xalçısında daban yerində deşiklər varsa, bu, maşının gündəlik istifadədə olduğunu göstərir.
Yaponların dediyi kimi: "Ayağın izi, kilometrajdan daha az yalan danışır."
Son mərhələdə alıcı avtomobilə oturur, qapıları bağlayır və 30 saniyə boyunca heç bir hərəkət etmədən dinləyir. Qıcırdama, boşluq səsi kimi əlamətlər varsa, avtomobil dərhal siyahıdan çıxarılır. Salonun tam səssiz olması isə avtomobilin yaxşı qorunduğunu göstərir.
Lalə Qüdrətova
Milli.Az