Vüsalə Əlizadənin verilişi yarıda kəsildi - Xəzər TV-dən açıqlama YENİLƏNİB - VİDEO

27 Noyabr 2025 14:32

Xəzər TV bu gün efirə gedən "İncə səhər" verilişinin yarımçıq dayandırılması ilə bağlı açıqlama yayıb.

Milli.Az xəbər verir ki, açıqlamada bu gün saat 10:38-də "İncə Səhər" verilişinin yayımı zamanı texniki problem yarandığı bildirilib.

Qeyd olunub ki, sözügedən verilişin bu həftə efirə getmiş bütün buraxılışları öncədən çəkilib:

"Verilişin bugünkü buraxılışı da əvvəlki günlərdə çəkilib, anonsu uğurla yayımlanıb və həmin mərhələdə heç bir nasazlıq qeydə alınmayıb. Bu gün yayımlanacaq buraxılış 2 fayldan ibarət idi. 1-ci fayl heç bir problem olmadan efirə verilib. Reklam buraxılışına ayrılıb və 2-ci faylın yayımlanması zamanı texniki problem yaranıb.

Fayl "playout" sistemi tərəfindən oxunmadığı üçün efirə çıxmayıb. Tətbiqi proqram təminatında kritik xəta baş verib, bu isə əsas efir serverində cihazsəviyyəli nasazlıq yaradıb, nəticədə də verilişin tam yayımı mümkün olmayıb".

Xəzər TV tərəfindən yaranmış narahatlığı anlayışla qarşıladıqları və efiri diqqətlə izlədikləri üçün izləyicilərə minnətdarlıq edilib.

-------

12:28

Bu gün Xəzər TV-də yayımlanan "İncə səhər" proqramı gözlənilmədən yarımçıq dayandırılıb.

Milli.Az xəbər verir ki, buraxılışın qonaqları müğənnilər Almaxanım Əhmədli, Pərviz Abdullayev və Namiq Qasımov olub.

Adətən 10:00-12:30 arasında efirdə olan veriliş 11:40-da reklama gedib və davam etməyib. Aparıcı Vüsalə Əlizadə və kanal rəhbərliyi verilişin vaxtından əvvəl bitməsi barədə açıqlama verməyib.

Milli.Az