Xalq artisti efirdə AĞLADI: "Ona dedi ki, səni maşınla qəzaya salıb, öldürəcəyəm"

27 Noyabr 2025 12:26

Xalq artisti Naibə Allahverdiyeva çəkilişlər zamanı yaşadığı xoşagəlməz hadisə səbəbindən göz yaşlarını saxlaya bilməyib.

Milli.Az-ın məlumatına görə, "Öz aramızda" verilişində aktrisa bildirib ki, rol aldığı filmin rejissoru onu aldadıb və bu günə qədər qonararını ödəmir.

Sənətçinin sözlərinə görə, çəkilişlər üçün müqavilə bağlanmalı olsa da, rejissor tələsik yola düşməli olduqlarını deyərək onu razı salıb:

"Dedi ki, zəng ediblər, rayonda çəkiliş heyəti gözləyir, tez çıxmalıyıq. Mən də inandım. Öz-özümə deyirəm ki, dünya görmüş qadınam, amma yenə sadəlövlüyüm başıma bəla oldu".

Aktrisa bildirib ki, çəkiliş üçün aparıldıqları məkanda iştirakçılar üçün lazımi şərait olmayıb:

"Bizi hosteldə yerləşdirdilər, özü isə hotelin VIP otağında qaldı. Gecəni səhərə qədər yatmadım. Mən qadınam, orada mənim kimi xanım aktrisalar da şəraitsiz yerdə qaldı".

Naibə Allahverdiyeva qeyd edib ki, şəraitə etiraz etdikləri zaman rejissor ona hədə-qorxu gəlib:

"Ynımdakı xanım aktrisaya hücum çəkib dedi ki, səni maşına qoyub qəzaya salacağam, öldürəcəyəm. Bu, nə acınacaqlı vəziyyətdir, gör kimlərin əlinə qalmışıq".

Xalq artisti hazırda ödənişini gözlədiyini, vəziyyət düzəlməzsə, lazımlı addım atacağını söyləyib:

"Pulumu verməsə, şikayət edəcəyəm. Hələlik ad çəkmirəm".

Naibə Allahverdiyeva həmçinin xarici ölkələrdə gördüyü dəyəri xatırlayaraq, yaşadığı ziddiyyəti belə ifadə edib:

"Moskvada çəkiləndə rejissor dedi ki, sizin gözləriniz danışır. Roluma görə əllərimdən öpüblər. Yaşar Nuriyə də demişdilər ki, səviyyənizə uyğun filmə çəkilmədiniz. Mən nə qədər təklifi qəbul etmirdim, sonunda bir nəfərin toruna düşdüm".

Hadisə sosial mediada və sənət cameəsində geniş müzakirələrə səbəb olub.

Musa
Milli.Az