ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Ev yaxınlığında iki Milli Qvardiya əsgərinə silahlı hücum edən şəxsin kimliyi müəyyənləşdirilib.
Milli.Az xəbər verir ki, xarici KİV-in məlumatına görə, hücumçu 29 yaşlı Əfqanıstan vətəndaşı Rəhmanullah Lakanvaldır.
Məlumata əsasən, Lakanval əvvəlcə bir əsgəri sinəsindən və başından vurub, daha sonra ikinci əsgərə atəş açıb. Hadisə yerində olan üçüncü əsgər onun qarşısını ala bilib. Hər iki yaralı xəstəxanaya çatdırılıb və vəziyyətlərinin ağır olduğu bildirilir.
Hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilərək saxlanılıb. Onun tutulma anı mobil telefon kamerası ilə qeydə alınıb və görüntülər ictimaiyyətə təqdim olunub.
Məlum olub ki, Lakanval ABŞ-yə 2021-ci ildə gəlib və Vaşinqton şəhərində yaşayırmış. O, hadisə zamanı güllə yarası alaraq xəstəxanaya aparılıb. Polis onun tək hərəkət etdiyini bildirir. Hücumun motivi isə hələlik məlum deyil.
Hadisə mümkün terror aktı kimi araşdırılır.
Fidan
Milli.Az