Ailənin ölüm səbəbi rəsmən açıqlandı

26 Noyabr 2025 20:56

İstanbulun Fatih rayonunda Almaniyadan gələn Böcek ailəsinin faciəvi şəkildə həyatını itirməsinin səbəbi müəyyənləşdirilib.

Milli.Az xəbər verir ki, Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin açıqladığı rəsmi rəydə ailənin qida zəhərlənməsi deyil, hoteldə qanunsuz şəkildə tətbiq olunan həşərat dərmanları nəticəsində zəhərləndiyi təsdiqlənib.

Böcek ailəsinin ölüm səbəbi fosfin qazı ilə zəhərlənmədir.

Ailənin qanında və yedikləri yeməklərdə hər hansı zəhər tapılmayıb.

Ailənin qaldığı otel otağından götürülən nümunələrdə fosfin maddəsi aşkar edilib.

Fosfin (PH₃) - rəngsiz, çox zəhərli və yanıcı qazdır.

Aşağı konsentrasiyada belə nəfəsə çəkilməsi ölümə səbəb ola bilər. İnsan orqanizmində ən çox ağciyər, ürək və sinir sisteminə zərər vurur. Adətən taxıl və digər kənd təsərrüfatı məhsullarının zərərvericilərdən təmizlənməsi üçün istifadə olunan fümigasiya prosesində yaranır. Havadan ağır olduğuna görə otağın aşağı hissələrində yığılır və təhlükə yaradır.

Xatırladaq ki, Almaniyadan gələn Böcek ailəsinin üzvləri noyabrın 12-də Fatihdəki hoteldən xəstəxanaya aparılmış, əvvəlcə uşaqlar və ana, daha sonra isə ata Servet Böcek həyatını itirmişdi.

Ailənin qaldığı oteldə eyni otaqda qalan 2 turist də oxşar şikayətlərlə xəstəxanaya yerləşdirilmişdi. Polis araşdırmasından sonra otel müvəqqəti olaraq bağlanıb.

İstintaq çərçivəsində 11 nəfər saxlanılıb.

Midyəçi, lokumçu, kokoreççi və kafe sahibi həbs olunub.

Dərmanlama şirkətinin sahibi, şirkət əməkdaşları, həmçinin otel işçiləri haqqında da həbs qərarı elan olunub.

Otel sahibi barədə "ölkədən çıxış qadağası" və "ev dustaqlığı" tətbiq edilib.
Otel işçisi və simitci barəsində isə digər nəzarət tədbirləri müəyyən olunub.

Lalə Qüdrətova
Milli.Az