Bakıda tramvayların yenidən bərpası ilə bağlı müzakirələr son günlər daha da aktuallaşıb.
Paytaxtın sürətlə böyüyən yaşayış massivlərinin mövcud metro və dəmiryolu şəbəkəsindən kənarda qalması alternativ nəqliyyat həllərinə ehtiyacı artırır. Bu kontekstdə şəhərin tarixi simvollarından biri olan tramvayların geri dönüşü həm mobillik, həm də nəqliyyat yükünün azalması baxımından yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, tramvay şəbəkəsinin qurulması istiqamətində işlərə başlanılıb.
"Tramvaylar barəsində artıq addımlar atılıbdır. "Metropoliten"in tərkibində tramvay şəbəkəsinin qurulması prosesinə start verilib. Layihə hazırda cizgilərin hazırlanması mərhələsindədir", - deyə ekspert qeyd edib.
Bəs Bakıda tramvayları nə zaman görə biləcəyik?
Bununla bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Bakının iki böyük yaşayış sahəsi - Mehdiabad və "Sea Breeze" əraziləri metro və dəmiryolu şəbəkəsindən kənarda qalır.
Məhz buna görə, həmin ərazilərdə tramvay xətlərinin tətbiqi planlaşdırılır:
"Sea Breeze" istiqamətindən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada yeni nəqliyyat habı yaradılacaq.
Mehdiabad-Binəqədi istiqamətindən isə tramvay xəttinin metronun "28 May" stansiyasına inteqrasiya olunması nəzərdə tutulur ki, bu da sərnişinlərin şəhər mərkəzinə rahat çıxışını təmin edəcək", - qurumdan bildirilib.
Beləliklə, tramvayların şəhər nəqliyyatına qaytarılması artıq real layihə mərhələsinə daxil olub və paytaxtın gələcək nəqliyyat infrastrukturunda mühüm rol oynayacağı gözlənilir.
Milli.Az