Yasamalda abadlıq işləri narazılıq yaratdı: “Qaz xətlərinin üstündən yük maşınları keçir”

26 Noyabr 2025 14:50

Paytaxtın Yasamal rayonu İslam Səfərli küçəsinin piyadalaşdırılması məqsədi ilə abadlıq işləri görülür. Paralel olaraq Süleyman Tağızadə və Lev Tolstoy küçələrində isə qaz xətləri yenilənir.

Milli.Az xəbər verir ki, bu ünvanda yaşayan sakinlər iddia edirlər ki, ərazidə aparılan işlər zamanı təhlükəsizlik qaydalarına əməl olunmur:

"Qaz xətlərinin üstündən ağır yük maşınları keçir. Həmçinin, plasmas boru dəmir boruya birləşdirilib".

Sabah burda hər hansı faciə olsa, məsuliyyət kimin üzərindədir? 

Elə məhz həmin sualı aidiyyatı quruma ünvanladıq. 

"Azəriqaz" İstehsalat Birliyindən bildirildi ki, layihə çərçivəsində yerüstü qaz yeraltı politen borularla əvəz olunur:

"Bu proses ölkədə qüvvədə olan tikinti norma və qaydalarına tam uyğundur və hər hansı təhlükə yaratmır. Hazırda görünən boru hissələri istismara verilməmiş sahələrə aiddir. Çəkiliş aparılan ərazidə digər qurumların işləri tam yekunlaşmadığı üçün qaz xətlərinin torpaqlanması və asfaltlanması hələ icra edilməyib. Boruya gəldikdə isə bu keçid zavod istehsalı olan borudandır və tikintidə istifadəsinə rəsmi icazə verilir". 

Aysel Əkbər
Milli.Az