Bölgələrdə heyvan bazarının bağlanması sakinlərin narazılığını artırır.
Milli.Az xəbər verir ki, fermerlər artıq bazara məhsul çıxarda bilmədikləri üçün çətinliklə üzləşdiklərini bildirirlər:
"Yem almağa belə pulumuz yoxdur. 1 aydır ki, hər şeyi nisyə şəkildə əldə edirik".
Qeyd edək ki, Göygöl, Daşkəsən, Samux eləcə də qərb bölgəsində heyvandarlıqla məşğul olan insanların üz tutduqları məkan eynidir, yəni Göygöl mal bazarından söhbət gedir. Ərazisi təxmini 20 hektardan çox olan bu bazarda bir aya yaxındır satış dayandırılsa da, AQTA-nın göstərişinə əsasən, bazarda yenidənqurma işləri aparılır.
Bəs bərpa işləri nə yerdədir?
Ərazi üzrə nümayəndənin sözlərinə görə, yenidənqurma işləri yekunlaşır:
"Həmin yerdə hər şey təzələnib, yola da asfalt çəkilir. Müasir kəsim məntəqəsi də yaradılıb".
Məsələ ilə bağlı AQTA-dan bildirildi ki, fəaliyyəti müvəqqəti dayandırılan bazarlarda yenidənqurma və sanitar-gigiyenik tələblərə uyğunlaşdırılma prosesi davam edir. Uyğunsuzluqların aradan qaldırılması və agentliyin yekun qiymətləndirilməsindən sonra onların fəaliyyətinə icazə veriləcəkdir. Tələblərə cavab verməyən bazarlar isə açılmayacaq.
Aysel Əkbər
Milli.Az