Xəbər verdiyimiz kimi, paytaxtın Nərimanov rayonunda yerləşən "AFEN Plaza" biznes mərkəzində partlayış baş verib.
Milli.Az xəbər verir ki, hadisə nəticəsində 6 mərtəbəli binanın 5-ci mərtəbəsinə qədər ciddi dağıntılar qeydə alınıb.
Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfərə (2-si kişi, 3-ü qadın olmaqla) yerində ilkin tibbi yardım göstərilib və onlar müştərək travmalarla ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Partlayışın yeni salınan yolun tikintisi zamanı zədələnmiş qaz xəttindən sızma nəticəsində baş verdiyi söylənilir.
Biznes mərkəzin sahibi Əbülfət Əliyev bildirib ki, bir neçə gün əvvəl yol çəkilişi zamanı zədələnmiş magistral qaz xəttinin bərpası düzgün aparılmayıb:
"Qazıntı zamanı xətt zədələnmişdi. Üç gün əvvəl bərpa olunduğunu demişdilər. Görünür, düzgün bərpa etməyiblər və sızma nəticəsində partlayış baş verib".
O həmçinin vurğulayıb ki, binada aktiv qaz istifadə olunmur:
"Binada qaz yoxdur, çardaq hissəsindədir və qoşulmayıb. Qaz zirzəmiyə yığılıb və işçi işığı yandıran kimi partlayış baş verib. Burada dayanmaq belə təhlükəlidir".
Məsələ ilə bağlı Milli.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır:
"Yaxın müddətdə bununla bağlı ictimaiyyətə açıqlama veriləcək".
"Azəriqaz" İstehsalat Birliyindən isə sorğumuza cavab olaraq qeyd olunub ki, istintaqın nəticəsini gözləmək ən doğru yanaşmadır.
Mina Mikayılova
Milli.Az