Taksilərlə bağlı narazılıqlar bitmir - Qaynar xəttə zəng edin

25 Noyabr 2025 10:30

Bəzən taksi sifariş edərkən sürücünün istəyi ilə məbləğlə tətbiqdə göstərilən qiymət üst-üstə düşmür. Eyni zamanda sürücülər ünvana çatmadığı halda çatmış kimi göstərilməsi də vətəndaşlar arasında narazılığa səbəb olub.

Milli.Az xəbər verir ki, sürücülərin bir qismi qiymət artımına səbəbi tıxacla əlaqələndirsələr də, digərləri bunu şirkət tərəfindən yaranan texniki xətalarla izah edirlər.

Məsələ ilə bağlı daşıyıcı şirkətlərdən biri ilə əlaqə saxlanılıb. Şirkətdən bildirilib ki, səfərin qiyməti yalnız tətbiqdə göstərilən məbləğ əsasında müəyyən olunur:

"Bu qayda həm sürücülər, həm də sərnişinlər üçün keçərlidir. Bəzi hallarda səfərin yekun dəyəri, marşrut dəyişikliyi, hava şəraiti və ya yol tıxacları səbəblərinə görə fərqli ola bilər. Lakin, sürücü əlavə məbləğ istəyərsə və ya çatmadığı halda "çatdım" vurursa, bu zaman tətbiqin dəstək bölməsinə müraciət edilməsi xahiş edilir".

Mövzu ilə bağlı AYNA-dan bildirildi ki, bu kimi hallarla sərnişinlər rastlaşanda 141 qaynar xəttinə müraciət edə bilərlər.

Aysel Əkbər
Milli.Az