Qadın yasında dirildi, tabutdan çıxdı - FOTO

24 Noyabr 2025 16:30

Öldüyü hesab edilən qadın "dirilib".

Milli.Az xəbər verir ki, qeyri-adi hadisə Taylandda baş verib. 65 yaşlı Chonthirot ailəsi tərəfindən ölü elan edildikdən sonra tabuta qoyulub və kremasiya üçün məbədə aparılarkən yolda ayılıb.

Qadın tabutun içində özünə gəlib və qapağa vuraraq yardım istəməyə başlayıb.

Hadisə ölkənin şimalında yerləşən Phitsanulok şəhərində yaşanıb. Chonthirot iyirmi üç noyabr səhəri evində ölü hesab edilib. Ailəsi onun vəfat etdiyini düşünərək tabuta yerləşdirib və kasıb ailələrə ödənişsiz kremasiya xidməti göstərən məbədə, dörd saatlıq məsafəyə göndərib.

Məlumata görə tabut oraya çatdırılmazdan əvvəl içəridən gələn səslər hər kəsi təəccübləndirib. Görüntülərdə Chonthirotun tabutun içində tərpəndiyi və üzünə qonmuş milçəkləri qovduğu görünür. Bu anları izləyən ailə üzvləri həm qorxu, həm də çaşqınlıq yaşayıb.

Qadının qardaşı, əlli yeddi yaşlı Mongkol bildirib ki, bacısı iki ildir yataq xəstəsi idi və həmin gecə saat ikidə nəfəs almadığı üçün öldüyünü düşünüblər. O həmin anları belə təsvir edib: "Çox təəccübləndim və eyni zamanda sevindim. Bacımın sağ olduğunu gördüyüm anda az qala huşumu itirəcəkdim. Bu bizim üçün həqiqi bir möcüzə idi."

Hadisədən sonra qadın təcili tibbi yardım maşını ilə Bang Yai xəstəxanasına çatdırılıb. Məbəd rəhbərliyi onun müalicə xərclərini öz üzərilərinə götürəcəklərini bildirib. Baş rahib belə bir hadisəyə ilk dəfə şahid olduğunu deyərək ailənin ikinci bir şans verilməsindən böyük sevinc duyduğunu qeyd edib.

İsmayıl
Milli.Az