İtaliyanın Milan şəhərində təşkil olunan II Biokimya, Biotexnologiya və Kök Hüceyrə Konfransında Azərbaycanı Abdulla Qarayev adına Fiziologiya İnstitutunun dissertantı və 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllimi Gülər Zeynalova təmsil edib.
Tədbirdə ABŞ, Böyük Britaniya, Avstraliya, Danimarka, Koreya, Yaponiya, Braziliya, Finlandiya, Argentina da daxil olmaqla müxtəlif ölkələrdən tanınmış universitet nümayəndələri və elm xadimləri məruzələrlə çıxış ediblər.
Konfrans çərçivəsində Gülər Zeynalova "Age dynamics of biochemical indicators during physiological aging in centenarians living in Goychay region of Azerbaijan" ("Azərbaycanın Göyçay rayonunda yaşayan uzunömürlülərdə fizioloji yaşlanma zamanı biokimyəvi parametrlərin yaş dinamikası") mövzusunda spiker qismində məruzə təqdim edib.
Məruzə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, aparıcı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib və bir sıra professorlar Zeynalovaya təşəkkürlərini bildiriblər. Mövzunun aktuallığı səbəbindən spikerdə çoxsaylı suallar ünvanlanıb.
Gülər Zeynalovaya elmi fəaliyyətinə və təqdim etdiyi tədqiqatın əhəmiyyətinə görə xüsusi təşəkkür sertifikatı təqdim edilib.
"Müasir zamanda biokimyanın əhəmiyyəti son dərəcə böyükdür. Bu elm sahəsi tibb və səhiyyənin inkişafında, xəstəliklərin səbəblərinin və müalicə yollarının müəyyən edilməsində mühüm rol oynayır. Çıxış zamanı insan ömrünü uzadan biokimyəvi faktorlar, vaxtından əvvəl qocalmaya səbəb olan lipidlərin peroksidləşməsi və sərbəst radikalların təsiri kimi vacib elmi məsələlər müzakirə olundu", - deyə Gülər Zeynalova bildirib.
Qeyd edək ki, Gülər Zeynalova Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin "Biokimya" ixtisası üzrə məzunudur. O, Taras Şevçenko adına Kiyev Milli Universitetinin nəzdində Biologiya və Tibb İnstitutunda "Biokimya" ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutunda dissertantura təhsilini davam etdirib, Tibb Universitetinin Biokimya kafedrasında ixtisasartırma kursu keçib. Zeynalova bir sıra yerli və beynəlxalq elmi konfranslarda çıxış edib, bir neçə elmi məqalənin və "Müasir Tibbi Laborator Diaqnostika" adlı kitabın müəllifidir.
Milli.Az