Yunus Oğuz Rusiya-Ukrayna danışıqları ilə bağlı üç ehtimalı açıqladı

24 Noyabr 2025 12:55

"Rusiya-Ukrayna müharibəsinin hazırkı vəziyyətindən  belə   görünür ki, bu proseslər hələ uzun çəkəcək və bu problemlər tezliklə həll olunmayacaq".

Milli.Az xəbər verir ki, bu fikirləri yazıçı-publisist Yunus Oğuz Olaylar.az-a açıqlamasında deyib. Y.Oğuz bildirib ki, indiki şəraitdə təqdim olunan 28 maddəlik sənəd və Zelenskinin verdiyi bəyanatlar fonunda üç ehtimalı nəzərdən keçirmək mümkündür. Birinci ehtimal: Zelenski bu 28 maddəni qəbul edir və istefa verir. O, istefa verdikdən sonra isə  vitse-prezident onun yerinə keçərək sənədə qol çəkir.

İkinci ehtimal: Mütləq şəkildə referendum keçirilməlidir. İstəsələr də, istəməsələr də bu, Konstitusiyanın  tələbidir.  Dövlətin  ərazi  dəyişdiriməsinə  xalq  səs  verməlidir. Ukraynada referendum keçirilməsi labüddür. Böyük ehtimalla Cenevrədə aparılan danışıqlarda da referendum məsələsi müzakirə olunur. Referendum qərarı verilərsə, onun ərəfəsində atəşkəs elan oluna bilər.

Üçüncü ehtimal - ən ağır və alçaldıcı variant: Əgər Zelenski görsə ki, Ukraynanın ərazi bütövlüyü tamamilə itir. O zaman Rusiyanın diktə etdiyi üç əsas şərti qəbul edə bilər. Bu şərtlər hansılardır?  Millisizləşmə, demilitarizasiya, rus dilinin ikinci dövlət dili kimi tanınması.Bu  zaman  Rusiya  işğal etdiyi ərazilərdən Ukrayna qoşunlarının çıxmasını təmin edir. Müharibədən  başlayandan sonra da,  Lavrov açıq şəkildə deyib ki, "bu üç maddəni qəbul etsəniz, tutduğumuz ərazilərdən çıxacağıq".

Zelenski də bəyanatında bildirib ki, 28  maddə  Ukraynanın ərazi bütövlüyünə birbaşa ziddir. Bu səbəbdən ən optimal variant kimi referendum yolunu görürəm.

"Müharibə şəraitində, döyüşlər davam edərkən referendum keçirmək mümkündürmü" sualını cavablandıran Y.Oğuz deyib ki, xeyr, bunun üçün tərəflər razılaşmalı, atəşkəs elan olunmalı və mövqe döyüşləri dayandırılmalıdır. Bundan sonra referendum keçirilə bilər və xalq öz qərarını verər. Fikrimcə, xalq yenə də "yox" deyəcək və bu halda müharibə yenidən başlayacaq. Hazırkı vəziyyətdə ən real variant budur. Çox güman ki, bu məsələ də Cenevrədə müzakirə olunacaq.Niyə xalq "yox" deyəcək? Çünki artıq Ukraynada demək olar ki, hər ailədən bir nəfər müharibədə həlak olub. Belə bir şəraitdə Ukrayna xalqı Rusiyanın tələblərinə razı olmayacaq. Buna görə də müharibə davam edəcək.

"Əgər torpaqdan imtina müzakirə olunursa, referendum mütləqdir. Avropa da böyük ehtimalla bu variantı nəzərdən keçirəcək və deyəcəklər ki, razıyıq, amma referendum keçirilməlidir. Referendumda xalq "yox" dedikdən sonra isə müharibə yenidən alovlanacaq. Sadəcə, bir müddətlik fasilə - bir istirahət veriləcək," - deyə yazıçı qeyd edib.

Milli.Az