Bankların yeni komissiya siyasəti: Müştərilərdən nə üçün nağdsız ödənişdə komissiya tələb edilir?

24 Noyabr 2025 15:18

Bəzi bankların hətta öz müştərilərindən belə nağdləşdirmə zamanı komissiya tutmaq qərarı əhali arasında müzakirələrə səbəb olub. Bir sıra banklarda kartdan karta köçürmə zamanı limitlərin olması məsələsi də gündəmdədir.

Bəs maliyyə təşkilatlarının bu siyasətləri nə ilə bağlıdır? 

Milli.Az xəbər verir ki, bu, bütün müştərilərə aid deyil, məsələ ilə bağlı mesaj almış şəxslərə şamil ediləcək. Bankların belə addım atması əhali arasında bir mənalı qəbul edilmir. Vətəndaşlar isə məsələdən şikayətcildirlər. Çox vətəndaş isə hazırda nağdsiz ödənişə keçdiyini bildirir. 

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, bank öz məhsullarını bazara yerləşdirmək üçün müəyyən güzəştlər tətbiq edir. Həmçinin, bu istiqamətə resurs sərf edir. Əlavə xərcləri ödəmək məcburiyyətində qalır. Amma müəyyən həddə çatdıqdan sonra banklar bu bazarda pay əldə etdikdən sonra çalışırlar ki, qoyduqları xərci geri götürsünlər. Adətən məhsul bazarda tanınandan sonra tətbiq edilən güzəştlər də ləğv edilir. 

Ekspert qeyd edir ki, bəzi müştərilər bank kartlarından öz maraqları üçün istifadə edirlər. Bu zaman bankların xərci yaranır. Maliyyə təşkilatları belə müştərilərə qarşı fərdi yanaşma siyasəti tətbiq edir. Bu zaman da bank müştəridən gəlir əldə edə bilmir. 

Bankların komissiya siyasəti xərclərin optimallaşdırılması ilə əsaslandırılsa da, tətbiqin istehlakçı davranışına və rəqabətinə təsiri yaxın zamanda özünü göstərəcək. 

Aysel Əkbər
Milli.Az