Ölkəmizdə daha bir avtomobil zavodu tikilib və yaxın gələcəkdə onun fəaliyyətə başlaması gözlənilir. Zavodda hibrid avtomobillərin də istehsalının nəzərdə tutulduğu bildirilir. Eyni zamanda növbəti ildən etibarən bütün hibrid və elektromobillərə tətbiq olunan vergi güzəştləri ləğv olunacaq.
Bəs bu təklif yerli avtomobil istehsalını stimullaşdıra bilərmi?
Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkədə 3280 ədəd minik avtomobili və 273 ədəd yük avtomobili istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 26%, yük avtomobili istehsalı isə 31,6% azalıb. Hesabat dövründə ölkədə 427 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.7% azdır.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, yaxın zamanda hibridlərin, elektromobillərin bizim ölkədə istehsalı mümkündür. Hacıqabul Sənaye Məhəlləsində yeni avtomobil zavodu artıq hazırdır, tikilib və bu ilin sonu təxmini gələn ilin əvvəlindən istifadəyə veriləcək:
"Yeni müəssisənin ildə təqribən 30 min avtomobil istehsal edəcəyi gözlənilir ki, bu da avtomobil sənayesi üçün əlamətdar addım sayılır. Zavodda hibrid nəqliyyat vasitələrinin buraxılışı da planlaşdırılan istiqamətlərdəndir. Son illərdə Azərbaycan hökuməti ilə Özbəkistanın böyük avtomobil istehsalçısı arasında aparılan danışıqlar müsbət nəticə verib. Razılığa əsasən, ölkəmizdə müasir tələblərə cavab verən və Avropa standartlarına uyğun minik avtomobilləri istehsal edəcək genişmiqyaslı zavodun inşasına qərar verilib".
Qeyd edək ki, hazırda ölkəmizdə istehsal olunan avtomobil sayı bazara ciddi təsir göstərəcək sayda deyil, amma yerli istehsal artarsa, müəyyən təsir göstərə bilər.
Aysel Əkbər
Milli.Az