Aİ-nin Ukrayna münaqişəsinə dair sülh planının TAM MƏTNİ
23 Noyabr 2025 22:10
Avropa İttifaqı Ukrayna münaqişəsinin tənzimlənməsinə dair 24 bəndlik sülh planı ilə çıxış edib.
Milli.Az xəbər verir ki, Britaniyanın "The Telegraph" nəşri sənədin tam versiyasını dərc edib.
Qəzetin məlumatına görə, Aİ-nin irəli sürdüyü təkliflər aşağıdakılardır:
- Münaqişə dayandırıldıqdan sonra etibarlı sülh və təhlükəsizlik üçün xüsusi tədbirlər görüləcək.
- Rusiya və Ukrayna havada, quruda və dənizdə atəşkəsə əməl etməyi öhdəsinə götürür.
- Moskva və Kiyev atəşkəsə riayət edilməsi ilə bağlı üçüncü ölkələr tərəfindən nəzarətin təşkilini dərhal müzakirə etməyə başlayır.
- Atəşkəsə nəzarəti ABŞ-ın rəhbərliyi altında Ukraynanın müttəfiqləri həyata keçirəcək. Monitorinq əsasən peyklər, PUA-lar və digər texniki vasitələrlə məsafədən aparılacaq.
- Tərəflərin atəşkəs pozuntuları barədə hesabat təqdim edə biləcəyi və vəziyyəti düzəltmək üçün tədbirləri müzakirə edəcəyi mexanizm yaradılacaq.
- Rusiya bütün deportasiya olunmuş ukraynalı uşaqları geri qaytaracaq. Bu proses beynəlxalq tərəfdaşlar tərəfindən nəzarət altında aparılacaq.
- Moskva və Kiyev hərbi əsirləri "hamı-hamıya" prinsipi ilə dəyişəcək, Rusiya bütün saxlanılan mülki şəxsləri azad edəcək.
- Ərazi məsələləri hazırkı təmas xətti əsasında müzakirə olunacaq.
- Davamlı atəşkəs əldə edildikdən sonra tərəflər humanitar yardım tədbirlərinə başlayacaq.
- Ukraynanın suverenliyi təsdiqlənəcək. Kiyev heç bir halda neytrallığa məcbur edilməyəcək.
- Ukrayna ABŞ-ın və NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzər hüquqi cəhətdən təmin edilmiş təhlükəsizlik zəmanətləri alacaq.
- Ukrayna Silahlı Qüvvələrinə və ölkənin müdafiə sənayesinə heç bir məhdudiyyət qoyulmayacaq.
- UAvropa ölkələri və digər maraqlı dövlətlər kraynanın təhlükəsizliyinin təminatçıları olacaq. Ukrayna öz ərazisində müttəfiq qüvvələr yerləşdirmək hüququna malik olacaq.
- Alyansın bütün üzvlərinin razılığı olduğu halda Ukraynanın NATO-ya üzvlüyü mümkün hesab ediləcək.
- Ukrayna Avropa İttifaqına üzv olacaq.
- Ukrayna nüvə silahından imtina öhdəliyini və Nüvə Silahlarının Yayılmaması Müqaviləsini yerinə yetirməyə davam edəcək.
- Ərazi məsələləri Rusiya ilə danışıqlar yolu ilə, tam atəşkəs əldə edildikdən sonra həll ediləcək.
- Ərazi məsələləri razılaşdırıldıqdan sonra Rusiya və Ukrayna həmin sərhədlərin güc yolu ilə dəyişdirilməyəcəyini öhdəsinə götürəcək.
- Ukrayna ABŞ-ın iştirakı ilə Zaporojye AES üzərində nəzarəti bərpa edəcək, Kaxovka SES üzrə nəzarətin təhvil mexanizmi yaradılacaq.
- Ukrayna Dnepr çayı boyunca maneəsiz gəmi hərəkəti hüququ əldə edəcək.
- Kiyev və tərəfdaşları iqtisadi əməkdaşlığı heç bir məhdudiyyət olmadan davam etdirəcək.
- Ukrayna tam bərpa ediləcək və zərərin ödənilməsi üçün maliyyə kompensasiyası alacaq. Rusiya aktivləri isə Moskva Ukraynaya dəymiş ziyanı ödəyənə qədər dondurulmuş vəziyyətdə qalacaq.
- Rusiyaya qarşı sanksiyalar davamlı sülh əldə edildikdən sonra mərhələli şəkildə yumşaldıla bilər, lakin sülh razılaşması pozularsa, yenidən bərpa ediləcək.
- Avropada təhlükəsizlik məsələləri üzrə danışıqlar bütün ATƏT ölkələrinin iştirakı ilə başlanacaq. (APA)
Milli.Az