Noyabrın 25-də Heydər Əliyev Sarayında Azərbaycanın Xalq artisti, əfsanəvi rəqqasə və xoreoqraf, Bakı Xoreoqrafiya Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, xalq və müasir rəqslər kafedrasının dosenti Təranə Muradovanın 60 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçiriləcək. Bu gecə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının dəstəyi ilə baş tutacaq.
Əlamətdar tədbir ərəfəsində yubilyar Trend-ə qarşıdakı bayram gecəsi barədə danışıb.
Proqramda Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin, Azərbaycan Dövlət Rəqs Ansamblının, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının çıxışları, həmçinin çoxlu sürprizlər yer alacaq. Şərəfli qonaqlar arasında Özbəkistan, Qazaxıstan, Türkiyə, Gürcüstan, Macarıstan, Rusiya və digər ölkələrin tanınmış xoreoqrafiya nümayəndələri olacaq.
"Bu, həqiqətən də xüsusi və yadda qalan bir gündür. Mənim rəhbərlik etdiyim Azərbaycan Rəqs Festivalı yaxınlarda böyük beynəlxalq layihə - Azerbaijan Dance Festival keçirdi, burada təxminən 30 ölkənin nümayəndələri iştirak etdilər və onların çıxışları mənə böyük sevinc bəxş etdi.
Noyabrın 25-də isə mən həyatımda xüsusi yeri olan bir səhnəyə - ilk rəqs addımlarımı atdığım Heydər Əliyev Sarayının səhnəsinə çıxacağam.
Konsertdə Azərbaycan rəqs mədəniyyətinin geniş palitrası, eləcə də dünya xalqlarının rəqsləri və mənim müəllif quruluşlarım təqdim olunacaq. Proqramda klassika, xalq sənəti və müasir xoreoqrafiya kimi müxtəlif janrları bir araya gətirməyə çalışmışıq.
Əlbəttə ki, beynəlxalq festivalda təqdim etdiyim sürprizi də təkrar edəcəyəm - Xalq artisti Emin Ağalarovun "Azərbaycan" mahnısına hazırladığım müəllif kompozisiyasını. Bu ifada mənə dünya çempionları Eldar Cəfərov və Denis Taqintsev də qoşulacaqlar. Həmçinin Denis Taqintsev və Anna Melnikovanın duet çıxışı da təqdim olunacaq," - deyə xalq artisti bildirib.
Təranə Muradovanın sözlərinə görə, proqramda xüsusi yer tutan nömrələrdən biri də qədim Azərbaycan rəqsi "Uzundərə" olacaq. Bu rəqs vaxtilə kamera orkestri və xalq çalğı alətləri ansamblının müşayiəti ilə yeni tərzdə təqdim edilmiş və Ümummilli lider Heydər Əliyevin böyük rəğbətini qazanmışdı. Məhz onun təşəbbüsü ilə bu musiqiyə Təranə Muradovanın klassik və xalq xoreoqrafiyasının sintezi olan yeni quruluşu hazırlanmışdı.
"Bu rəqsi ilk dəfə 1997-ci ildə "Gülüstan" sarayında çoxsaylı xarici qonaqların iştirak etdiyi dövlət tədbirində təqdim etmişdim. O vaxtdan etibarən məhz bu rəqslə bütün dünyanı dolaşdım. "Uzundərə" Ümummilli lider Heydər Əliyevin ən sevdiyi əsərlərdən biri idi. Yubiley gecəsində bu rəqsi yenidən ifa edəcəyəm - tarixə və ənənəyə, Ulu öndərin əziz xatirəsinə hörmət əlaməti olaraq", - deyə Təranə Muradova əlavə edib.
Gecədə milli xoreoqrafiyanın inciləri - "Vaqzalı", "Mirzəyi", "Yallı", "Qarabağ yallısı", "Azərbaycan süitası", "Qazaxı" və digər rəqslər, eləcə də dünya xalqlarının - özbək, qazax, rus və digər rəqsləri təqdim olunacaq. Proqramda Qara Qarayevin, Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Eldar Mansurovun əsərləri, müasir kompozisiyalar və xalq musiqisi səslənəcək.
Bu gecə, 45 ildən artıq yaradıcılıq yolunu və saysız-hesabsız istedadlı rəqqasların yetişdirilməsini həyatına çevirmiş Təranə Muradova üçün çox böyük anlam daşıyır.
"Mən bütün dünyanı dolaşmışam, Azərbaycanı ən mötəbər səhnələrdə təmsil etmişəm - La Skala, Aspendos, Böyük Teatr, Kirov Teatrı, UNESCO... Lakin dünyada Vətəndəki səhnədən daha qiymətli bir səhnə yoxdur - Heydər Əliyev Sarayının səhnəsi.
On bir illik fasilədən sonra - heç rəqs etmədiyim bir dövrdən sonra - yenidən səhnəyə çıxacağam və öz xalqım üçün rəqs edəcəyəm. Bu, mənim üçün ən böyük xoşbəxtlikdir. Səhnə mənim üçün həmişə doğma, əziz olub. Mən səhnəni, tamaşaçını, alqışları çox darıxmışam. Və bu dəfə səhnəyə ilk dəfə çıxırmış kimi həyəcanlıyam...
Bu hiss mənim üçün elədir ki, sanki uşaq uzun ayrılıqdan sonra anasına qayıdır!
Mən akademiyada çalışıram, burada gələcəyin istedadları yetişir - onlar Azərbaycan xoreoqrafiyasını gələcəkdə layiqincə təmsil edəcəklər. Onlar sevinclə vaxtilə mənim ifa etdiyim rəqsləri təqdim edəcəklər. Çox istəyirəm ki, tələbələrim görsünlər: xoreoqrafiyada sərhəd yoxdur. Hər yaşda həm Azərbaycan rəqslərini, həm müasir rəqsləri, həm də klassik rəqsləri ifa etmək olar - yetər ki, məktəb, nizam-intizam, zəhmət və sənətə sevgi olsun.
Məni dəstəkləyən və yubiley gecəmin təşkilinə töhfə verən hər kəsə təşəkkür edirəm. Düşünürəm ki, tamaşaçılar bu konsertdən böyük zövq alacaqlar", - deyə Təranə Muradova vurğulayıb.
Milli.Az