Xəbər verdiyimiz kimi, Bakı şəhəri Yasamal rayonunun Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğın zamanı həyatını itirənlərdən biri də Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli olub.
Milli.Az xəbər verir ki, müğənni Xuraman Şuşalı mərhumla yaxın dostluq etdiklərini bildirib. O, sosial şəbəkədə Könül Vəlibəylinin görüntüsünü paylaşaraq onun illərdir milli geyimlərinin hazırlanmasında ən güvəndiyi şəxs olduğunu vurğulayıb.
Şuşalı paylaşımında Könül Vəlibəylinin Azərbaycan milli geyimlərini dünyaya tanıdan sənətkar olduğunu qeyd edərək, ölüm xəbərinin özünə çox ağır gəldiyini deyib. Müğənni mərhumun tez-tez xaric səfərlərində olduğunu, demək olar ki, evdə çox az qaldığını, elə buna görə də onun həmin an evdə olmasına inanmağın çətin olduğunu söyləyib. O, yanğın zamanı Könül Vəlibəylinin telefonunun hadisə yerində tapıldığını da qeyd edib.
Xuraman Şuşalı dostunu "çox zəhmətkeş, daim çalışan və yaxşı insan" kimi xatırladığını bildirib: "Hər zaman tələsik idi, sanki ölümə də tələsdi. Əcəl apardı... O Ən gözəl milli geyimlərimi həmişə o hazırlayırdı", - deyə sənətçi sözlərinə əlavə edib.
Hüseyn
Milli.Az