Süni intellektlə yaradılan mahnılar müəllif hüquqlarını pozur? - AÇIQLAMA

23 Noyabr 2025 00:32

Sosial şəbəkələrdə, xüsusilə "TikTok"da süni intellekt vasitəsilə məşhur mahnıların başqa tərzdə yenidən hazırlanması son aylarda geniş yayılıb. Bu cür videolar bəzən fərqli ifaçıların səsi ilə, bəzən isə tamamilə yeni aranjmanla təqdim olunur. Lakin bu trend bir çox hallarda müəllif hüquqları ilə bağlı ciddi suallar doğurur.

Məsələ ilə bağlı vəkil Araz Nurməmmədov  Milli.Az-a açıqlamasında bildirib ki, süni intellekt vasitəsilə mövcud mahnının başqa tərzdə aranjman olunması və ya fərqli ifaçının səsi ilə yenidən işlənməsi müəllif hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyi  xüsusilə "Müəlliflik hüququ və əlaqədar hüquqlar haqqında" Qanun ümumi olaraq bir neçə əsas prinsipə əsaslanır:

1.İstənilən yenidən işləmə üçün icazə tələb olunur. Musiqi əsərinin aranjiman edilməsi, dəyişdirilməsi, başqa tərzdə ifa olunması yalnız müəllifin və ya hüquq sahibinin razılığı ilə mümkündür.

2.Əgər sosial şəbəkələrdə yayılan bu cür videolar səhifəyə reklam və ya populyarlıq vasitəsilə gəlir gətirirsə  bu, hüquq pozuntusunun daha ciddi formada qiymətləndirilməsinə səbəb olur.

3.Texnologiyanın növü hüquqi yanaşmanı dəyişmir. Qanunvericilik əsərin insan tərəfindən, yoxsa süni intellekt vasitəsilə yenidən işlənməsinə fərq qoymur. Əsas məsələ ilkin əsərin icazəsiz istifadəsi və törəmə əsərin yaranmasıdır.

Vəkil qeyd edib ki, süni intellekt tərəfindən hazırlanmış, lakin orijinal mahnının əsas melodik və kompozisiya elementlərini saxlayan aranjimanlar müəllifin razılığı olmadan yaradılıbsa, qeyri-qanuni törəmə əsər hesab olunur.

Nəzərə çatdırıb ki, "TikTok" kimi platformalar adətən müəllif hüquqları sahibinin müraciəti əsasında belə videoları və ya səhifələri silir.

Araz Nurməmmədov bildirib ki, bir çox ölkədə süni intellektin müəllif hüquqları ilə qorunan materiallar üzərində öyrədilməsi və Sİ vasitəsilə yaradılan kontentin hüquqi statusu ilə bağlı yeni qanunvericilik hazırlanır:

"Azərbaycan qanunvericiliyi hələ bu mövzuya dair xüsusi normalar müəyyən etməsə də, məsələyə müəlliflik hüququ prizmasından yanaşmaq zəruridir. Bu sahənin dəqiq qaydalarla tənzimlənməməsi gələcəkdə məhkəmə çəkişmələrini artırmaqla yanaşı, müəllif hüquqlarının daha geniş şəkildə pozulmasına səbəb ola bilər".

Mina Mikayılova
Milli.Az