Fatihdə dörd nəfərlik Böcek ailəsinin zəhərlənərək ölməsi ilə bağlı araşdırmalar yeni qalmaqalı üzə çıxarıb.
Milli.Az xəbər verir ki, məlum olub ki, həmin zərərvericilərə qarşı mübarizə şirkəti bu il daha əvvəl də ölümlə nəticələnən oxşar hadisəyə səbəb olub.
Məlumata görə, 18 aprel 2025-ci ildə Şişlidə bir mənzildə pestisid çiləməsindən qısa müddət sonra 3 yaşlı Karan Yazıcı zəhərlənərək dünyasını dəyişib. Məhkəmə Tibbi İnstitutunun hesabatında uşağın qanında alüminium və sink aşkar edilib və ölümün pestisid zəhərlənməsi nəticəsində baş verdiyi təsdiqlənib.
Həmin çiləməni həyata keçirən şirkətin Böcek ailəsinin qaldığı Fatihdəki oteldə də eyni prosesi apardığı ortaya çıxıb. Bu səbəbdən İstanbul Baş Prokurorluğu şirkətlə bağlı genişmiqyaslı istintaq başladıb.
Hadisə zamanı körpənin atası Şahin Yazıcı şirkətə qarşı şikayət ərizəsi verib və prokurorluğa ifadə verib. Onun sözlərinə görə pestisid çiləməsi evlərinin birbaşa qarşısında aparılıb, şirkət ailəyə zərər olmayacağına dair əminlik verib.

Çiləmə edilən mənzilin mətbəx pəncərəsi açıq qaldığından kimyəvi maddənin qoxusu onların evinə dolub. O gecə 3 yaşlı Karan dəfələrlə qusmağa başlayıb. Valideynləri əvvəlcə soyuqdəymədən şübhələnib, lakin vəziyyət sürətlə ağırlaşıb.Uşaq səhər saatlarında həddindən artıq qusmağa başlayıb və susuzluqdan suyu ard-arda içsə də vəziyyəti yaxşılaşmayıb. Ailə təcili olaraq xəstəxanaya aparılıb, uşaq pediatriya şöbəsində müalicəyə cəlb edilib, daha sonra həyatını itirib.
Fatihdəki Böcek ailəsinin ölümü ilə aprel ayında baş verən körpə ölümü arasında eyni pestisid şirkətinin adı keçdiyi üçün prokurorluq hadisələri birgə araşdırır.
Hazırda şirkət əməkdaşlarının ifadələri alınır, istifadə edilən kimyəvi maddələrin tərkibi araşdırılır, Məhkəmə Tibbi İnstitutundan hər iki hadisə ilə bağlı ətraflı ekspertiza tələb olunub.
Fidan
Milli.Az