Noyabr ayının 18-də "Azərxalça" ASC, Azərbaycanın Albaniyadakı səfirliyi və Tirana İncəsənət Qalereyasının birgə təşkilatçılığı, Tirana Şəhər Bələdiyyəsinin dəstəyi ilə Tirana İncəsənət Qalereyasında (Tirana Art Gallery) Azərbaycan xalçalarının Avropada növbəti sərgisi baş tutub. Sərgi Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 15 illiyinə həsr olunub. Növbəti gün, noyabr ayının 19-da isə müxtəlif təhsil ocaqlarının incəsənət fakultələri tələbələrinin Azərbaycanlı rəssamlarla görüşü, ustad dərsləri baş tutub.
"Əlləriniz var olsun!" sərgisinin açılışı ilə bağlı təşkil olunmuş xüsusi tədbirdə Albaniya dövlət qurumlarının rəsmiləri, parlamentin üzvləri, Tiranadakı diplomatik korpusun nümayəndələri, KİV nümayəndələri, elm və akademik dairələrin təmsilçiləri, incəsənət və mədəniyyət xadimləri, habelə Albaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak edib.
"Əlləriniz var olsun!" xalça kolleksiyasına "Azərxalça" ASC-nin emalatxanalarında toxunan Qarabağ, Quba və Şirvan xalçaçılıq məktəblərinə aid ənənəvi xalçalarla yanaşı, müxtəlif xüsusi kolleksiyalardan əsərlər də daxildir. Bunların sırasına "Azərxalça" ASC-nin Rəşad Ələkbərovla ortaq "44" kolleksiyasından bir, Aydan Salahova ilə "Yaddaşın memarı" və "Qadın" kolleksiyalarından iki, Faiq Əhmədlə ortaq layihədən bir, gənc rəssam Samirə Allahverdiyeva ilə "Nar simfoniyası" kolleksiyasından 3 eksklüziv xalça və "AFFFAIR" ilə əməkdaşlıqdan Rüfət İsmayılın iki - "Naxçıvan" və "Qarabağ" xalçaları daxildir. Bundan əlavə, sərgidə öz əsərlərində Şərqlə Qərbi birləşdirən və bununla da sərhədləri yox etməyə çalışan alban rəssam Xhevahir Kolgjinin Cevahir Kolqyinin də iki xalçası nümayiş olunacaq.
Sərgini öz nitqi ilə Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov açıq elan edib. Diplomat Azərbaycanın qədim və zəngin mədəni irsinin bariz nümunələrindən olan xalçaçılıq sənətinin tarixi və ölkəmizdə bu sənətin inkişafına dövlət tərəfindən göstərilən qayğı barədə məlumat verib. Səfir qeyd edib ki, sərginin məqsədi sənət vasitəsilə Azərbaycan mədəniyyətini və həqiqətlərini yerli sakinlərə çatdırmaqdır. İki ay davam edəcək sərgi Azərbaycan və Albaniya xalqlarının yaxınlaşmasına töhfə verəcək. O, Tirana şəhər bələdiyyəsinə sərginin nümayişinə yaradılmış şəraitə görə təşəkkür edib.
"Azərxalça" ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov isə çıxışı zamanı tədbir iştirakçılarını yaxın zamanda qeyd etdiyimiz, xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan 8 noyabr Zəfər Günü və möhtəşəm qələbənin 5 illiyi münasibətilə təbrik edərək təşkilatın tarixindən söz açıb. Sədr "Azərxalça" ASC-nin əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsindən ibarət olduğunu söyləyib. O, Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılığın xalqımızın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayıb. E.Məmmədov sərgidə nümayiş olunan müxtəlif xalçaların qısa tarixindən də söz açaraq "Azərxalça" ASC-nin gələcək planları və əsas hədəflərindən də danışıb.
Daha sonra Tirana İncəsənət Qalereyasının direktoru Edit Pula və xüsusilə bu sərgi üçün vətəninə səfər edən Albaniya Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri Besart Kadia öz çıxışları ilə tədbiri davam ediblər.
Azərbaycanın xalçaçılıq sənətinin dünyada tanıdılması, milli mənəvi irsimizin qorunması, müasir dövrə uyğunlaşdırılaraq gələcək nəsillərə ötürülməsi, xalçaçılıq sənətinin təbliğinə dəstək yönündə "Azərxalça" ASC və "AFFFAIR" in ortaq, "Mədəni irsə yeni baxış" kolleksiyasına aid "Qarabağ" və "Naxçıvan" xalçaları "PAŞA Holding" və "PAŞA Bank" tərəfindən Tirana İncəsənət Qalereyasına hədiyyə olunub. Bu xalçalar qalereyanın daimi kolleksiyasında nümayiş olunmağa davam edəcək. Bununla yanaşı, "Naxçıvan" xalçasının daha bir nümunəsi isə "PAŞA Holding" tərəfindən Albaniya Xarici İşlər Nazirliyinə hədiyyə kimi təqdim olunub.
Sərgi ziyarətçiləri üçün Azərbaycan xalçasının toxunma prosesi nümayiş olunub, ustad dərsləri keçilib. Sərgi iştirakçılarına xalçada öz ilmələrini atmaq imkanı yaradılıb. Azərbaycan xalçasının toxunma prosesində iştirak edən hər kəsə "Azərxalça" ASC-nin xüsusi sertifikatı da təqdim olunub. Sərgi yanvar ayının 20-dək davam edəcək.
Milli.Az