Bu makaron resepti ilə 100 yaşına qədər yaşayırlar

21 Noyabr 2025 07:35

Dünyanın ən uzunömürlü cəmiyyətlərindən ilhamlanaraq hazırlanan xüsusi makaron resepti sosial mediada böyük marağa səbəb olub. Adətən yüksək karbohidrat tərkibli olduğu üçün mütəxəssislər tərəfindən çox tövsiyə olunmayan makaron bu reseptlə bütün fikirləri alt-üst edib. TikTok-da 660 mindən çox izləyicisi olan italiyalı şef Francesco Mattana izləyiciləri ilə "100 yaşına qədər yaşadan makaron" adlandırdığı reseptini paylaşıb. 

Milli.Az xəbər verir ki, italyan şef Mattana hazırladığı tagliatelle primavera reseptini belə təsvir edir: "Sardinya mətbəxinin əsas tərkiblərindən olan lobya və paxlalılarla zəngin, sadə, amma olduqca qidalandırıcı bir yemək."

Şefin sözlərinə görə, yaşıl lobya və noxudun aroması, pomidor, limon, reyhan və nanənin təravəti, pecorino pendirinin özünəməxsus dadı bu yeməyi tamamilə bənzərsiz edir.

Mattana həmçinin bu tərəvəz qarışığının qızardılmış çörəyin üzərində və ya sobada bişirilən balıq üçün dadlı bir əsas kimi də istifadə edilə biləcəyini bildirir.

İtaliyanın Sardinya adası dünya üzrə "Mavi Bölgə" olaraq tanınan ilk ərazidir. Bu bölgələr sakinlərinin çox uzun ömürlü olması ilə məşhurdur.

Statistikaya görə, Sardiniyada hər 100 min nəfərdən təxminən 33,6-sı 100 yaşını keçir. Bu göstərici bölgəni yüz yaşlıların sıxlığı baxımından dünya liderinə çevirir.

Ənənəvi Sardinya pəhrizi tam taxıllı çörək, paxlalılar, bağ tərəvəzləri, meyvələr və zeytun yağı ilə zəngindir.

Bölgə sakinləri daha çox otla qidalanan qoyunların südündən alınan, omega-3 ilə zəngin pecorino pendirini istehlak edirlər. Ət isə əsasən yalnız bazar və xüsusi günlərdə yeyilir.

Uzunömürlü Makaronun Resepti

300 q tagliatelle makaronu

1/4 pırasa

2 diş sarımsaq

3 x.q. noxud

1 ovuc yaşıl lobya

1 ovuc kiçik pomidor 

Pecorino pendiri

Reyhan

Nanə

Limon qabığı rəndəsi

Zeytun yağı

Duz və istiot

Hazırlanması

Sarımsağı incə doğrayın.

Pırasanın yumşaq hissəsini nazik dilimlərə ayırın.

Lobyaların uclarını kəsib iki yerə bölün.

Tavaya bol zeytun yağı əlavə edin.

Pırasa, yaşıl lobya və baklanı bir neçə dəqiqə sote edin. Daha sonra noxud, pomidor və sarımsağı əlavə edin. Duz və istiot səpin. Bir qədər su əlavə edib tavanın qapağını örtün və 5 dəqiqə buxarla bişirin.

Tagliatelle-ni ayrı bir qazana qoyub qaynadın. Süzmədən, azca bişirmə suyuyla birlikdə tərəvəzlərin olduğu tavaya əlavə edin.

Təzə reyhan, bir az nanə, limon qabığı rəndəsi və rəndələnmiş pecorino pendiri əlavə edin.

Servisdən əvvəl bir az daha zeytun yağı və bir qədər makaron suyu əlavə edin.

Lalə Qüdrətova
Milli.Az