"Qucaqlayıb dedi ki, sizi görəndə rəhmətlik nənəm yadıma düşür"

20 Noyabr 2025 19:12

Müğənni Samir Bağırov "Öz aramızda" verilişində qonaq olarkən pərəstişkarı ilə yaşadığı yaddaqalan hadisədən danışıb.

Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, bir dəfə gənc bir qız ona yaxınlaşaraq göz yaşlarını saxlaya bilməyib.

Samirin sözlərinə görə, qızın bu reaksiyası əvvəlcə ona qəribə gəlsə də, səbəbini öyrənəndə duyğulanıb:

"Gənc bir xanım ağlayaraq mənə yaxınlaşdı. Təəccübləndim, çünki onun yaşında pərəstişkarımın olması mənə qeyri-adi gəldi. Dedi ki, sizi görəndə rəhmətlik nənəsi yadıma düşür. Nənəsi məni çox sevirmiş, mahnılarım səslənəndə evdə hamıya nəfəs almağa belə icazə vermirmiş. Bu mənim üçün sənətçi kimi böyük xoşbəxtlikdir", - deyə o bildirib.

Samir Bağırov əlavə edib ki, uşaqlıq illərində pianoda Alla Puqaçovanın mahnılarını oxuyurdu, bu gün isə onun mahnılarını yeni nəsil ifa edir:
"Bu hissi sözlə ifadə etmək olmur, bu sənətçinin ən böyük uğurudur".

Hadisə sosial mediada da maraqla qarşılanıb.

Hüseyn
Milli.Az