Son zamanlar mətbuatda TƏBİB-də diplomsuz əməkdaşların çalışdığı barədə məlumatlara rast gəldim. Bilmirəm, həmin məlumatları yayan media nümayəndələri buradadır, ya yox. Açığı, məsələni ciddi saymadığımız üçün bununla bağlı açıqlama yaymamışdıq.
Milli.Az xəbər verir ki, bunu Yeni Robotik Reabilitasiya Mərkəzi və Hematologiya-Sümük İliyi Transplantasiyası Mərkəzinin açılışına dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
Qeyd edib ki, TƏBİB-də ali təhsili olmayan heç bir əməkdaş yoxdur.
"Mətbuatda adı çəkilən şəxslə bağlı da bildirirəm ki, həmin əməkdaş Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsini bitirib. Bu fakültənin məzunlarının diplomunda "həkim" yazılır. Daha sonra səhiyyənin idarə olunması üzrə magistr dərəcəsi alıb və beynəlxalq təlimlərdə, beynəlxalq qurumlarda təcrübə qazanmış, bizim üçün çox dəyərli bir əməkdaşdır".
V.Qurbanov mətbuat nümayəndələrindən xahiş edib ki, TƏBİB, eləcə də tibb müəssisələri və əməkdaşlar barədə məlumat paylaşmazdan əvvəl dəqiqləşmə aparsınlar:
"Biz mətbuatı hər zaman tərəfdaş kimi görürük və sizləri də özümüzə dost hesab edirik. Dəqiqləşdirilməmiş məlumatların paylaşılması isə ilk növbədə sizlərə ziyan vurur. Çox vaxt təkzib verməməyimizin səbəbi də budur ki, məsələ böyüməsin, siz çətin vəziyyətdə qalmayasınız deyə. Bu məsələlərdə diqqətli olmağınızı xahiş edirəm. Məlumatlarla bağlı sualınız varsa, bizim PR komandamız mövcuddur. Bəzən cavablar gec gəlir, bunu da anlayışla qarşılayın, çünki rəsmi media ilə yanaşı, özünü jurnalist kimi təqdim edən və kimliyi bəlli olmayan şəxslərin də çoxsaylı sorğuları olur. Hər birinə cavab verməyə çalışırıq və iş yükü böyükdür. Yenə də çalışırıq ki, bütün sorğulara vaxtında və dəqiq cavab verək. Məlumat paylaşarkən dəqiqləşdirmə aparmağınız çox vacibdir".
Mina Mikayılova
Milli.Az