"Azərbaycanda 150 transplantasiya əməliyyatı həyata keçiriləcək"

20 Noyabr 2025 13:13

Dünyada sümük iliyi transplantasiyası sahəsində ildə 100-dən az transplantasiya edən müəssisələr effektiv tibb müəssisəsi hesab olunmur. 

Milli.Az xəbər verir ki, bunu Yeni Robotik Reabilitasiya Mərkəzi və Hematologiya-Sümük İliyi Transplantasiyası Mərkəzinin açılışına dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, bu səbəbdən il ərzində minimum 150 transplantasiya əməliyyatının həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edib ki, burada həm mütəxəssislərin həmin səviyyəyə çatdırılması məsələsi var, həm də 22 çarpayılıq müəssisənin bu yükü qarşılaya bilməsi ilə bağlı çətinlik mövcuddur:

"Çünki bu xəstələrin nə qədər müalicə alacağı əvvəlcədən dəqiq bilinmir".

Nəzərə çatdırıb ki, sümük iliyinə ehtiyacı olan uşaqların sayı çoxdur:

"İlk növbədə məhz onların müalicəsi nəzərə alınacaq".

Mina Mikayılova
Milli.Az