Müəllimini aldadıb ona 355 min “atan” şəxsə hökm oxundu - FOTO

20 Noyabr 2025 11:56

Biznes qurmaq və müxtəlif şəxsləri işə düzəltmək adı ilə aldadaraq külli miqdarda pulunu ələ keçirmiş 26 yaşlı Nihad Rəhimlinin məhkəməsi başa çatıb.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub.

Bildirilib ki, Nihad Lənkəranda orta məktəbi bitirdikdən sonra Bakıda ali təhsil alıb. Sonra onun orta məktəbdə müəllimi olmuş Lənkəran şəhər sakini Rəhilə Əliyevanın (zərərçəkmişlərin ad-soyadları şərtidir) BƏƏ-də işləyən oğlu Mirseyidlə münasibəti yaranıb.

Nihad onları Dubaydan elektron fotoaparatlar gətirib ölkədə satmağın yüksək gəlir gətirəcəyinə inandırıb. Nihadın coğrafiya müəllimi olmuş atası Rasim Rəhimov ilə məktəbdə iş yoldaşı olan Rəhilə Əliyeva onun dediklərinə inanıb və 355 min manat pul verib.

Lakin o verdiyi vədlərə əməl etməyərək aldığı pulların hamısını dələduzluqla ələ keçirib. Nihad həmin dövrdə müxtəlif ölkələrə səfərlər edərək vəsaitin böyük hissəsini xərcləyib.

Bundan başqa, Nihadın müəllim kimi işə düzəltmək adı ilə 2 nəfərdən 5 min və 40 min manat, bir nəfərdən isə Dubayda hotel biznesinə yatırım vədi ilə 41 min manat alaraq ələ keçirməsi də müəyyənləşdirilib.

Məhkəmə araşdırması zamanı N.Rəhimli bildirib ki, 2023-cü ildə vəfat edən atası zərərçəkmiş şəxslərin bəziləri ilə birgə iş görüb və aralarında pul məsələsi olub. O, ittihamların böyük hissəsini qəbul etməyib.

Nihadın anası isə ifadəsində qeyd edib ki, mərhum əri müəllim kimi işlədiyi məktəbdə iş yoldaşı Rəhilə Əliyeva ilə birgə iş görüb. O, ərinin Rəhilədən faizlə pul götürdüyünü və ona 300 min manata yaxın pul verdiyini deyib.

Həmçinin məlum olub ki, Nihadın atası həmin ərəfədə Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında özünü dənizə ataraq intihar edibmiş.

Məhkəmə Nihadı Cinayət Məcəlləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilib. Ona 7 il həbs cəzası verilib.

Həmçinin Nihada qarşı mülki iddia da təmin edilib. Hökmdə ondan müəllimi olmuş Rəhilə Əliyevaya 313 min manat, digər 2 zərərçəkənə isə 46 min manat tutularaq ödəməsi yer alıb.

Fotoda: Rasim Rəhimov

Milli.Az