Oğuz şəhərində küçələrin ənənəvi qaydada hər il olduğu kimi əsaslı təmirinə başlanılır.
Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az rayon icra hakimiyyətindən məlumat əldə edib.
Məlumata görə, icra hakimiyyəti bu dəfə də təmir işlərinin icrasını məşhur "ATF" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Belə ki, təmir işləri bu dəfə ümumilikdə 16 küçədə - Rəşid Behbudov, Salatın Əsgərova, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh, Nuru Paşa, Abdurahman Əsgərov, M.F.Axundov, Cavanşir, Şərif İbrahimov, Həzi Aslanov, İntizam Rəhimov, İlham Ramazanov, Fizuli, Abbasqulu ağa Bakıxanov, Əhməd Cavad və Həsən bəy Zərdabi küçələrində aparılacaq. Müqaviləyə əsaəsn, qeyd olunan küçələrdə aparılacaq müəyyən təmir işləri isə 586 788 manata başa gələcək.
Məlumat üçün bildirək ki, icra hakimiyyəti ötən il isə 14 küçədə - Heydər Əliyev, Abbasqulu ağa Bakıxanov, Fətəli Xan Xoyski, 28 May, Nəsrəddin Tusi, Seyid Əzim Şirvani, Salman Mumtaz, Abdulla Padarlı, İntiqam Cəmaləddinov, Saleh Qaziyev, M.F.Axundov, Ş.Qurbanov, Fərrux Seyidov, Dədə Qorqud küçələrində aparılan təmir işləri ilə əlaqədar "ATF" şirkəti ilə 589 462 manatlıq müqavilə bağlayıb.
Siyahıya nəzər yetirdikdə, icra hakimiyyətinin ötən il və bu il bağladığı müqavilələrdə eyni küçələrdə (Abbasqulu ağa Bakıxanov və M.F.Axundov) təkrarən təmir işləri aparılacağı müşahidə olunur.
"ATF" şirkəti 2023-cü ildə isə şəhərin şərq (Anar Əliyev, Mirzə Şəfi Vazeh, Abdurahman Əsgərov, 20 Yanvar, Zərifə Əliyeva, Rəşid Behbudov, Dədə Qorqud, Bəxtiyar Vahabzadə, Cavanşir və Saleh Qaziyev) və qərb (Mikayıl Müşviq, İstiqlaliyyət, Əhməd Cavad, Rəşid bəy Əfəndiyev, Həbib bəy Mahmudbəyov, Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşov) hissəsindəki küçələrdə əsaslı təmir işlərinə görə isə icra hakimiyyətindən 585 198 manat vəsait alıb.
Beləliklə, Oğuz Rayon İcra Hakimiyyəti arıdıcıl olaraq son üç ildə - 2023, 2024 və 2025-ci illərdə küçələrdə təmir işləri ilə əlaqədar "ATF" şirkəti ilə 1 milyon 760 min manat həcmində müqavilə bağlayıb.
Qeyd edək ki, "ATF" MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin sahibləri Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarıdır. "ATF" şirkətinin adı qardaşlarının adlarının baş hərflərinin birləşməsidir. Şirkətin qanuni təmsilçisi isə Azaddır. Şirkət əsasən bölgələrdə yol tikintisini həyata keçirir. İndiyədək "ATF" şirkəti milyonlarla dəyərində tenderlərin qalibi olub. Mətbuatda isə bu şirkətin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun sevimli şirkəti kimi tanındığı barədə məlumatlar yayılıb.
Milli.Az