"Mərkəzdə istifadə olunan avadanlıqların böyük bir hissəsi robotik sistemlərdən ibarətdir".
Milli.Az xəbər verir ki, bunu Yeni Klinikada Yeni Robotik Reabilitasiya Mərkəzi və Hematologiya-Sümük İliyi Transplantasiyası Mərkəzinin açılışı zamanı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, burada elə proqramlar mövcuddur ki, proses tam avtomatlaşdırılıb və müalicə prosedurlarının bir çoxu insan müdaxiləsi olmadan həyata keçirilir:
"Bu isə, əlbəttə ki, ölkə başçısı cənab Prezidentin, həmçinin hörmətli Mehriban xanımın səhiyyə sahəsinə göstərdikləri xüsusi diqqətin nəticəsidir. Məhz bu dəstək sayəsində biz bu gün bu səviyyədə xidmət təqdim edə bilirik".
Qeyd edib ki, məqsəd reabilitasiya mərkəzinin gündə 500 nəfərə xidmət göstərməsidir:
Bildirib ki, illik hədəf isə 150-200 min Azərbaycan vətəndaşının bu mərkəzdə müalicə və reabilitasiya xidmətlərindən yararlanmasıdır.
"Yadınızdadırsa, Vətən müharibəsi dövründə çox sayda qazimiz müxtəlif travmalar almışdı və onların müalicəsinin mühüm bir hissəsi reabilitasiya prosesindən ibarət idi. O zaman ölkəmizdə reabilitasiya mərkəzlərinin sayının azlığı səbəbindən bir çox qazimiz dövlətin dəstəyi ilə xarici ölkələrə göndərildi və orada müalicə aldılar. Artıq belə travmaları olan qazilərimiz bu mərkəzdə bütün xidmətləri ölkə daxilində ala biləcək və tam sağalma imkanına sahib olacaqlar".
Nəzərə çatdırıb ki, bu mərkəzin qurulması ölkəmiz üçün ciddi yenilikdir:
"Buradakı avadanlıqların hər biri unikal xarakter daşıyır və regionda bir çox ölkədə bu texnologiyalar mövcud deyil. Bu səviyyədə təchiz olunmuş reabilitasiya mərkəzi vətəndaşlarımızın ixtiyarına artıq bu gündən verilir və burada bütün növ reabilitasiya və fizioterapevtik xidmətlər təqdim olunacaq.
Müəssisədə ümumilikdə 3 həkim-fizioterapevt, 1 həkim-travmatoloq, 4 həkim-nevroloq, 4 təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim, 9 müalicəvi bədən tərbiyəsi təlimatçısı, 32 fizioterapevt-reabilitoloq, 17 tibb bacısı/qardaşı, 2 masaj üzrə tibb bacısı/qardaşı və 20 kiçik tibb işçisi fəaliyyət göstərir".
Mina Mikayılova
Milli.Az