"Hər şey cəmi 5 saniyədə baş verib"

20 Noyabr 2025 11:15

Gürcüstanda 20 hərbçinin ölümü ilə nəticələnən C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzası ilə bağlı araşdırmalar genişləndirilir. İlkin məlumatlara görə, faciəyə səbəb olan əsas hadisələr cəmi 5 saniyə ərzində baş verib. 

Milli.Az xəbər verir ki, Türkiyə Müdafiə naziri Yaşar Gülər açıqlamasında ilkin tapıntılara əsasən təyyarənin quyruq hissəsinin uçuş zamanı qopduğunu deyib. Onun sözlərinə görə, bu hissədə sükan yerləşdiyindən, quyruğun qopması təyyarəni tamamilə idarəolunmaz vəziyyətə salır:

Həmin "qara qutu"nun analizi nə vaxt tamamlanacaq?

"İlk olaraq quyruq qopur, daha sonra hissələrə ayrılır. Bunların dəqiq səbəbi qara qutudan məlum olacaq. Hazırda araşdırma davam edir" .

Təyyarə quyruqsuz uçuşda sabitliyini tam itirib. Aviasiya mühəndislərinin ilkin texniki qiymətləndirməsinə görə, quyruq qopduqdan sonra sükan və hündürlüyə nəzarət tamamilə mümkün olmayıb, təyyarənin ağırlıq mərkəzi irəli sürüşüb, burnu idarəedilməz şəkildə aşağı enməyə başlayıb, gövdədəki aerodinamik gərginliklər strukturun qırılmasına səbəb ola bilər.

Faciə anını qeydə alan videoda dörd mühərrikin də hələ işlək vəziyyətdə olduğu, əsas gövdənin isə yerə çırpıldıqdan sonra tüstüləndiyi görünür. Təyyarənin quyruq hissəsi isə dağıntılardan xeyli aralıda yerə düşüb ki, bu da hissənin havada qopduğunu təsdiqləyir.

Mütəxəssislər bildirirlər ki, quyruq qopsa belə, pilotlar bir neçə saniyə ərzində təyyarəni sabit saxlamağa cəhd edə biliblər.

Qəzanın dəqiq səbəbi qara qutunun təhlilindən sonra müəyyən olunacaq.

Qeyd edək ki, qəza nəticəsində 20 hərbçi şəhid olub. 

Fidan
Milil.AZ