Səhv seçim körpəyə baha başa gələ bilər - Pediatr xəbərdarlıq edir

20 Noyabr 2025 11:42

Son dövrlərdə uşaq qidalarına olan tələbat nəzərəçarpacaq dərəcədə artıb. Valideynlər körpələr üçün keyfiyyətli və təhlükəsiz yemək almağa çalışdıqca qiymətlər də artır. 

Bəs uşaq yeməkləri seçərkən nələrə diqqət edilməlidir? 

Milli.Az xəbər verir ki, pediatr Günay Məhərrəmovanın sözlərinə görə, düzgün seçilməyən qida körpədə həzm problemi və allergiyaya səbəb ola bilər:

"Əsas seçim ana südüdür. Lakin bəzi istisna hallar vardır ki, bu zaman həkim tərəfindən uşaqlara süni qidalar təyin olunur. Qidaları valideynlər yox, həkimlər təyin etməlidirlər". 

Valideynlər isə bildirirlər ki, körpənin aylıq qidalarına 180-200 manat, xüsusi qidaya ehtiyac olduqda isə 250 manata qədər vəsait tələb olunur:

"Uşaq yeməkləri çox bahadır. Hər valideynin gücü çatmır o yeməkləri almağa, qiymətlər necə deyərlər kəllə-çarxdır". 

İqtisadçı ekspert Fuad İbrahimovun sözlərinə görə, qiymətin bu qədər yüksək olmasının əsas səbəbi bu məhsulların ölkəmizə xaricdən idxal olunması ilə bağlıdır:

"Yerli istehsalla bağlı stimullaşdırıcı addımlar atılarsa, həm qiymət sabitliyi yaranar, həm də bazarda rəqabət formalaşar. Belə olan halda valideynlərin üzərinə düşən yük bir qədər azalmış ola bilər". 

Aysel Əkbər
Milli.Az