Kamaləddin Qafarov: “İşğal zamanı Ağdam böyük dağıntılara məruz qalmışdı”

20 Noyabr 2025 09:25

"Torpaqlarımızın 20%-ni işğal altında saxladıqları 30 ilə yaxın müddət ərzində erməni vandalları zəbt etdikləri bütün şəhər və kəndlərimizdə olmazın dağıntılar törətmiş, tarixi-mədəni abidələrimizi məhv etmiş, ölkəmizin təbii sərvətlərini talayaraq Ermənistana daşımışlar. Lakin bütün bunlara rəğmən, məhz Ağdam şəhəri daha böyük miqyasda dağıntılara məruz qoyulmağı ilə diqqəti xüsusi olaraq cəlb edir".

Milli.Az xəbər verir ki, bunları 20 noyabr Ağdam Şəhəri Günü ilə bağlı mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib  ki, Vətən müharibəsindən sonra, artıq azad edilmiş Ağdama gələn xarici jurnalistlər buranı "Qafqazın Xirosiması" adlandırmışlar. "Hətta təxmini hesablamalara görə Erməni işğalı nəticəsində Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri düşmən tərəfindən vəhşicəsinə dağıdılıb."     

Millət vəkili ermənilərin zəbt etdikləri ərazilərdə beynəlxalq konvensiyaların prinsiplərinə zidd əməllər törətmələrindən də bəhs edib: "Nə qədər qəribə səslənsə də, Ağdamın işğal faktı ilə bağlı dünya ictimaiyyəti ilk baxışda yekdil mövqe ifadə etmişdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu "hücum qətiyyətlə pislənmiş", "işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilmişdi". BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il 29 iyul tarixində qəbul etdiyi 853 saylı qətnamədə isə "işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması" tələb edilirdi. Lakin bütün bu tələblər sadəcə kağız üzərində idi. Reallıqda isə, Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayınır, beynəlxalq təşkilatlar da rəsmi İrəvanı buna məcbur etmirdilər. Cəzasızlıq mühitindən arxayınlaşan Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini də kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədirdi. Bütün bunlara baxmayaraq, beynəlxalq təşkilatlar bu cinayətlərin qarşının alınması üçün uzun illər ərzində bircə əməli addım belə atmadılar. Sonda Azərbaycan özü 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsi ilə həm torpaqlarının işğalına son qoydu, həm də BMT Qətnamələrinin icrasını təmin etdi. O cümlədən, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi. Bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı. Bu gün isə Ağdam digər azad olunmuş şəhərlərimiz kimi, yenidən qurulur və özünün əsl sahiblərini yenidən qarşılamağa hazırlaşır".

Milli.Az