Bakıda iki şəhidin məzarı qarət edilib - VİDEO

19 Noyabr 2025 23:19

Şəhidlər ailələrinə onları xatırladan əşyaları, xalqımıza isə Vətənimizin bütövlüyünü əmanət ediblər. Bu əmanətə sədaqət isə hər birimizin borcudur. Hər şəhid  məzarının qarşısında qoyulan güllər də, məzar önünə düzülən şəxsi əşyalar da...

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bir şəhidin müharibədə döyüş boyu ayağında olan çəkməsi, kaskası, digər şəhidin isə gitarası məzarının önündən oğurlanıb.

Hadisə Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında baş verib.

Şəhid Mayor Səyavuş Kəlbalıyevin həyat yoldaşı Pərvanə Kəlbalıyeva deyir ki, hadisə ilə bağlı xəbəri səhər saatlarında alıb. Şəhidin oğurlanan yeğanə əşyaları 4 ildir şüşə qutunun içərisində, məzarın yanında qorunurdu.

Şəhidin yoldaşı deyir ki,Vətən uğrunda canından keçən qəhrəmanların yadigarlarını dağıdaraq oğurlayıb aparmaq hörmətsizlikdir.

Şəhid Fəxri Məmmədovun atası Habil Fəxri deyir ki, hadisəni eşidəndəndən dərin sarsıntı içərisindədirlər: "Balamın əlləri dəyən öz gitarasını, tək təsəllimizi aparıblar".

Hadisə ilə bağlı DİN-dən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Əməli törədən şəxs və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Milli.Az