“Antibiotikdən səhv istifadə ölümcül ola bilər" – Nazirlikdən ciddi XƏBƏRDARLIQ

19 Noyabr 2025 15:33

Antibiotiklər əsasən bakterial infeksiyalarla mübarizə üçün istifadə olunur və yalnız həkim təyinatı ilə qəbul edilməlidir.

Milli.Az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, həkim, xəstə haqqında kifayət qədər məlumat topladıqdan sonra uyğun antibiotiki təyin edir. Antibiotiklərin reseptsiz əldə edilməsi düzgün hesab olunmur və bu, xəstənin sağlamlığı üçün ciddi risklər yarada bilər.

"Həm həkimlər, həm də xəstələr antibiotiklərin düzgün istifadəsi qaydalarına ciddi şəkildə əməl etməlidirlər. Əks halda, cəmiyyətdə elə mikroorqanizmlər yarana bilər ki, onlar bir çox antibiotiklərə qarşı davamlı olar və müalicə prosesini çətinləşdirər. Düzgün aparılmayan antibiotik müalicəsi gələcəkdə mikroorqanizmlərin antibiotiklərə qarşı dözümlülüyünü artıra bilər".

T.Eyvazov nəzərə çatdırıb ki, antibiotiklər allergik reaksiyalara səbəb ola bilər. 

"Bu allergik reaksiyalar qəfildən meydana çıxa və insanın həyatına son qoya bilər".

Həmçinin bildirib ki, antibiotikin qəbul tezliyinə və vaxtına əməl etmək lazımdır:

"Digər bir qayda isə müalicənin tam kursunu tamamlamaqdır. Xəstə özünüzü daha yaxşı hiss etsə belə, dərman qəbulunu dayandırmamalıdır". 

Qeyd edib ki, antibiotikləri  qızdırmanın yüksəldiyi bütün hallarda təyin etmək olmaz:

"Bu, təhlükəli yanaşmadır. Onlar əksər soyuqdəymə, qrip və digər xəstəliklərə səbəb olan viruslara qarşı təsirli deyil. Antibiotiklər hərarətsalıcı vasitələr deyil, onlar hərarəti bir başa aşağı salmırlar, yalnız temperaturu yaradan bakteriyalar olduqda, onları məhv edirlər".

Mina Mikayılova
Milli.Az