Silk Way West Airlines şirkəti Airbus ilə əlavə iki A350F yük təyyarəsinin alınması barədə razılaşma imzalayaraq bu yeni nəsil təyyarə modeli üçün etdiyi sifarişin ümumi sayını dördə çatdırıb. Bu əhəmiyyətli addım aviaşirkətin təyyarə parkının modernləşdirilməsi və dayanıqlı inkişaf strategiyası çərçivəsində atılıb.
Yeni sifariş Silk Way West Airlines ilə Airbus arasında 2022-ci ilin iyun ayında qurulan tərəfdaşlığa əsaslanır. Həmin vaxt aviaşirkət Mərkəzi Asiya və MDB regionunda A350F sifariş edən ilk operator olmuşdu.
Silk Way West Airlines şirkətinin prezidenti Volfqanq Mayer Airbus ilə A350F proqramı üzrə tərəfdaşlığın genişləndirilməsindən məmnunluğunu ifadə edib: "Dörd təyyarə üçün edilən bu sifariş şirkətimizin inkişafında mühüm bir mərhələni ehtiva edir və dayanıqlı hava yükdaşımalarının gələcəyinə olan inamımızı əks etdirir. A350F təyyarələri ilə donanmamızı modernləşdirməyə və karbon izini azaltmağa davam edərək qlobal hava yükdaşımaları bazarındakı lider mövqeyimizi gücləndirəcəyik".
Öz növbəsində, Airbus şirkətinin kommersiya təyyarələri biznesinin satış üzrə icraçı vitse-prezidenti Benua de Sent-Ekzüperi Xəzər dənizi regionunun yükdaşımalar üzrə ən böyük aviaşirkəti olan Silk Way West Airlines şirkətindən gələn bu əlavə sifarişi böyük etimad adlandırıb: "A350F təyyarələri aviaşirkətin qlobal hava yükdaşımaları bazarında lider mövqeyini qorumasını təmin edəcək və Azərbaycanın İpək Yolunun mərkəzində yerləşən əsas qlobal yük mərkəzi kimi inkişafında aparıcı rolunu daha da artıracaq".
A350F aviasiya sənayesində ən böyük əsas göyərtə yük qapısına malikdir. Onun gövdəsinin uzunluğu və tutumu sənayenin standart paletləri və konteynerlərinə əsasən optimallaşdırılıb. Təyyarə gövdəsinin 70%-dən çoxu qabaqcıl materiallardan hazırlanıb ki, bu da rəqib təyyarədən 46 ton daha yüngül uçuş çəkisinə səbəb olur. Eyni zamanda, A350F Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 2027-ci ildə qüvvəyə minəcək təkmilləşdirilmiş CO₂ emissiya standartlarına tam cavab verən yeganə yük təyyarəsidir.
A350F 111 tonadək yükdaşıma potensialına malikdir və 4700 dəniz mili (8700 km) qədər uçuş yerinə yetirə bilir. Ən son Rolls-Royce Trent XWB-97 mühərrikləri ilə təchiz olunmuş təyyarə oxşar yükdaşıma qabiliyyətinə malik daha əvvəlki nəslə aid təyyarə ilə müqayisədə yanacaq sərfiyyatını və karbon emissiyalarını 40%-dək azaldacaq.
Bu nailiyyət Silk Way West Airlines-in qlobal logistika üçün daha yaşıl bir gələcək qurmaq və Azərbaycanın Şərqlə Qərb arasında əsas hub kimi rolunu gücləndirən əlaqələri inkişaf etdirmək missiyasını daha da möhkəmləndirir.
Silk Way West Airlines haqqında
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanındakı Boeing 777F, 747-8F və 747-400F yük təyyarələrindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərlə uçuş həyata keçirir. Davamlılıq və səmərəlilik prinsiplərinə sadiq qalan Silk Way West Airlines 2030-cu ilə qədər donanmasını müasir Boeing 777F, Boeing 777-8F və Airbus A350F təyyarələri ilə yeniləməyi planlaşdırır. Aviaşirkət Avropa, MDB, Yaxın Şərq, Asiya və Amerika qitələrində 40-dan çox istiqamətə yükdaşıma xidmətləri göstərərək, illik 500 000 tondan artıq yük dövriyyəsini idarə edir.
Milli.Az