Mərkəzi Bank son illərdə bank sektorunun maliyyə dayanıqlığının artırılması istiqamətində əhəmiyyətli addımlar atıb.
Milli.Az xəbər verir ki, bunu IX Bankçılıq Forumunda Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, artıq aktivlərin həcmində artım nümayiş etdirir və bu, həyata keçirilən islahatların real nəticəsidir. Həmçinin bildirib ki, bankların cəlb etdiyi depozitlərin həcmi tarixi maksimuma çataraq yeni rekord müəyyən edib.
"Həyata keçirilən islahatlar çərçivəsində milli ödəniş sisteminin infrastrukturu genişləndirilmiş, ödəniş əməliyyatlarının həcmi isə 72,2 milyard manata çatıb. Mərkəzi Bank və aidiyyəti dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində yeni çağırışlara uyğun, daha effektiv ödəniş mexanizmlərinin tətbiqi təmin edilir".
Z.Nuriyev qeyd edib ki, ödəniş sistemlərinin rəqabətliliyinin artırılması, müxtəlif texnologiyaların o cümlədən enerji səmərəli və yüksək hesablama gücünə malik sistemlərin tətbiqi gündəmdə saxlanılır:
"Bu proseslərlə bağlı qanunvericilikdə də yeni tələblərin müəyyənləşdirilməsi nəzərdə tutulur".
Nəzərə çatdırıb ki, ölkədə aparılan islahatlar həm də regional inteqrasiyanı gücləndirir:
"Xüsusilə Türkiyə və Gürcüstanla ödəniş sistemləri üzrə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı tətbiq imkanları qiymətləndirilməkdədir. Sinqapur kimi qabaqcıl ölkələrin təcrübəsi də araşdırılır və bu sahədə ən yaxşı praktikaların tətbiqinə xüsusi önəm verilir".
Vurğulayıb ki, həyata keçirilən fəaliyyətlər çərçivəsində dövlət qurumlarının məlumat bazalarının inteqrasiyası, ödəniş sistemlərinin təkmilləşdirilməsi və müxtəlif dövlət proqramları üzrə 50-dən çox tədbirə töhfə verilib.
Mina Mikayılova
Milli.Az