Gəncədə özəl uşaq bağçaları ilə bağlı narazılıqlar artır – VİDEO

19 Noyabr 2025 09:35

Gəncə şəhərində fəaliyyət göstərən özəl uşaq bağçalarında nəzarətin zəif olması valideynlərin ciddi narazılığına səbəb olub.

Milli.Az xəbər verir ki, Gencexeber.az-a müraciət edən bir çox valideyn son aylarda bağçalarda uşaqlar arasında zorakılıq və aqressiya hallarının artdığını, lakin əməkdaşların bu situasiyalara vaxtında müdaxilə etmədiyini bildirir.

Valideynlərin sözlərinə görə, müxtəlif səbəblərdən övladlarını dövlət bağçalarına yerləşdirə bilməyən ailələr məcburiyyət qarşısında qalaraq özəl müəssisələrə üz tuturlar. Lakin aylıq yüksək ödənişlərə baxmayaraq, davranış nəzarəti və təhlükəsiz mühitin yaradılması kimi əsas tələblər bir çox özəl bağçada təmin edilmir.

İki övladı olan Gəncə sakini bildirib ki, dövlət bağçasında uşaqlar arasında hər hansı xoşagəlməz hal yaşanan zaman əməkdaşlar dərhal müdaxilə edir, problemi araşdırır və uşaqlarla ayrıca məşğul olur. Lakin özəl bağçaya gedən digər övladı dəfələrlə həmyaşıdlarının zorakılığına məruz qaldığı halda, bağça rəhbərliyi tərəfindən lazımi tədbirlər görülməyib.

Bir neçə gün əvvəl Eminbəyli küçəsi 28 ünvanında yerləşən "Kuki Kids" uşaq bağçasında yaşanan hadisə də narazılığı artırıb. Valideynin dediyinə görə, 4 yaşlı uşağı iki həmyaşıdı tərəfindən döyülüb. Təqdim edilən görüntülərdən aydın olur ki, hadisə zamanı otaqda nə tərbiyəçi, nə baxıcı, nə də digər nəzarətçi olub. Uşaqlar arasında yaranan konfliktə heç bir müdaxilə edilməyib.

Şikayətçi valideyn bildirib ki, bu, ilk belə hal deyil və övladı artıq psixoloji travma yaşamağa başlayıb. Onun sözlərinə görə, bağça rəhbərliyinə dəfələrlə müraciət etsə də, problemin həlli üçün ciddi addımlar atılmayıb:

"Uşağın valideyni ilə danışıb üzr istədilər, amma bununla məsələ bitmir. Övladım dəfələrlə yıxılıb, vurulub. Başı stola dəyə bilərdi. Hər dəfə də nəzarətçi öz yerində olmur."

Valideyn həmçinin iddia edib ki, özəl bağçalarda fəaliyyət göstərən psixoloqlar zorakılığa meylli uşaqlarla fərdi şəkildə işləmirlər. Onlar ümumi qrupdan ayrılmır, davranışlarının korreksiyası üçün xüsusi məşğələlər keçirilmir.

Valideynlər aidiyyəti qurumlardan özəl bağçalarda nəzarətin gücləndirilməsini və təhlükəsizliklə bağlı boşluqların aradan qaldırılmasını tələb edirlər.

Milli.Az