Evdə ən vacib məişət texnikalarından biri olan soyuducunun zaman keçdikcə iç səthlərində buzlanma yarana bilər. Mütəxəssislər bildirir ki, bu hal yalnız istifadədə narahatlıq yaratmır, həm də cihazın enerji sərfiyyatını artıraraq soyutma performansını zəiflədir.
Milli.Az xəbər verir ki, müasir soyuducularda belə buzlanma adətən aşağıdakı səbəblərdən yaranır:
Qapının tam bağlanmaması,
Soyuducunun tez-tez açılıb bağlanması,
İsti yemək və içkilərin birbaşa soyuducuya qoyulması,
Drenaj kanalının tutulması nəticəsində nəmin xaricə atıla bilməməsi.
Bu amillər soyuducunun içində nəmin yığılmasına və zamanla donaraq buz təbəqəsi yaratmasına səbəb olur.
Buzlanmanın qarşısını almağın yolları
Ustalar bildirir ki, mütəmadi qulluq və sadə tədbirlər sayəsində buzlanmanı tamamilə aradan qaldırmaq mümkündür.
Drenaj kanalını təmizləyin
Soyuducunun arxa hissəsindəki su axıdıcı dəlik tutulduqda nəmin çıxışı dayanır və bu da buzlanmaya yol açır. Bu hissəni plastik çubuq və ya yumşaq tel ilə mütəmadi təmizləmək lazımdır.
Qapını yoxlayın
Kauçuk contalar zamanla sərtləşir və elastikliyini itirir. Bu isə soyuğun bayıra, isti havanın isə içəri keçməsinə səbəb olur. Contaların ömrünü uzatmaq üçün onları vazelin və ya silikon yağ ilə yağlamaq tövsiyə edilir.
Sıxlığı düzgün tənzimləyin
Soyuducuda ideal temperatur +3 - +5°C, dondurucuda isə -18°C olmalıdır. Daha aşağı temperatur kompressoru həddindən artıq işlədərək divarlarda buz yaranmasına səbəb olur.
Qidaları ağzıörtülü saxlayın
Açıq qalmış qidalardan buxarlanan nəmlik tez bir zamanda buza çevrilir. Bu səbəbdən yeməkləri qapaqlı qabda və ya streçlə örtülü formada saxlamaq məsləhətdir.
Mütəxəssislər soyuducu təmizləndikdən sonra daxili səthləri qliserin və ya zeytun yağı ilə yüngül şəkildə silməyi məsləhət görür. Bu, səthdə nazik qoruyucu təbəqə yaradaraq nəmin yapışmasını və donmasını əngəlləyir. Qoxuya təsir etmir və cihazın ömrünü uzadır.
Buzlanma yeni başlayıbsa, cihazı tamamilə söndürmədən divarları ılıq sodalı su və ya limon suyu ilə silmək də effektiv üsuldur. Bu metod həm buzun əriməsinə kömək edir, həm də dolabın içindəki xoşagəlməz qoxuları aradan qaldırır.
Lalə Qüdrətova
Milli.Az