Məktəblərdə istiliklə bağlı vəziyyət nə yerdədir? - RƏSMİ

18 Noyabr 2025 18:43

Cari tədris ilində istilik mövsümünə hazırlığın təmin olunması məqsədilə ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin istilik sistemlərinin mövcud vəziyyəti öyrənilib. 

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib.

Qeyd olunub ki, müvafiq qurumlarla birgə həyata keçirilən hazırlıq işləri çərçivəsində təhsil müəssisələrinin istilik sistemləri və qazanxanalarının sazlığı yoxlanılıb. Eyni zamanda yarana biləcək problemlərin əvvəlcədən müəyyən edilməsi və aradan qaldırılması istiqamətində yoxlamalar həyata keçirilib.

"Bildiririk ki, ölkə ərazisində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrinin mərkəzləşdirilmiş qaydada və müxtəlif vasitələrlə (odun, pelet, dizel) istilik mövsümünə hazır vəziyyətə gətirililməsi prosesi operativ şəkildə təmin olunur. 450-ə yaxın təhsil müəssisəsində istilik təminatı mərkəzləşdirilmiş qaydada həyata keçirilir".

Qeyd edək ki, Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli "İstilik enerjisindən istifadə qaydalarının təsdiq edilməsi haqqında" Qərarına əsasən, hər il istilik mövsümü noyabrın 15-də (dağətəyi rayonlarda isə noyabrın 1-də) başlayır və növbəti ilin aprelin 15-də başa çatır.

Mina Mikayılova
Milli.Az