Avstraliya sahillərində tapılan şüşə butulkadan I Dünya Müharibəsində iştirak etmiş iki əsgərin 1916-cı ildə yazdığı məktub üzə çıxıb.
Milli.Az xəbər verir ki, aradan keçən 109 ildən sonra ortaya çıxan bu tarixi sənəd böyük marağa səbəb olub.
Məlumata görə, məktublardan birini əsgər Malcolm Neville yazıb. O, anasına ünvanladığı mesajda gəmidə verilən yeməklərin gözlədiyindən daha yaxşı olduğunu qeyd edib. Təəssüf ki, Malcolm məktubdan bir neçə ay sonra - cəmi 28 yaşında cəbhədə həlak olub.
Digər məktubun müəllifi William Harley adlı əsgərdir. O, məktubunda ünvan qeyd edərək butulkanı tapan şəxsdən yazdıqlarını həmin ünvana çatdırmağı xahiş edib. Harley müharibədən sağ çıxıb və 37 yaşına qədər yaşayıb.
Arxeoloji tapıntı kimi dəyərləndirilən bu iki məktub hazırda əsgərlərin nəvələrinə təhvil verilib.
Hadisə zamanın gücünü bir daha göstərib: dənizə buraxılmış bir məktub yüz ildən sonra belə ünvana çata bilər, bəzən isə heç xəbərsiz itib gedir. İnsanlar bu dünyadan köçsə də, onların izləri bəzən belə gözlənilməz şəkildə illər sonra yenidən üzə çıxır.
Milli.Az