8 saatlıq iş rejimi: müəllim maaşları artır, yoxsa sadəcə bölgü dəyişir?” - AÇIQLAMA

18 Noyabr 2025 17:00

Müəllimlərin gündəlik 8 saatlıq iş rejiminə keçidi ilə bağlı cavabsız qalan ən vacib sual budur ki, bu dəyişiklikdən sonra təxminən 146 min müəllimin əmək haqqı fondu üçün ayrılan ümumi vəsaitin həcmi nə qədər artacaq?

Milli.Az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov məlumat verib.

Onun sözlərinə görə, bütün məsələlərin həllinin arxasında iqtisadi faktor (pul) dayandığı üçün bu məsələyə də ən vacib baxış iqtisadi baxışdır.

"Tutaq ki, hazırda ümumi təhsil müəssisələrində çalışan 146 min müəllimin əmək haqqı fondu üçün şərti olaraq ildə 1 milyard manat nəzərdə tutulur. Bəs, 8 saatlıq iş saatına keçiddən sonra bu məbləğ 1,2 milyard və ya 1,3 milyard (və ya daha çox) olacaqmı? Yoxsa dəyişiklik ümumi həcmdə ciddi fərq yaratmayacaq?"

Ekspert qeyd edib ki, 8 saatlıq iş prosesinin mahiyyəti əslində iki mümkün maliyyə modelinə söykənə bilər:

"Birinci model əmək haqqı fondunun real genişlənməsi modeldir. Bu halda heç bir müəllimin maaşı azalmır, 8 saatlıq iş rejiminə keçənlərin maaşı isə əlavə büdcə vəsaiti hesabına artır. Nəticədə təhsil sisteminin maliyyə öhdəliyi böyüyür və bu iqtisadi məntiqlə həqiqi maaş artımı deməkdir.

İkinci modeldə isə fondun həcmi dəyişmir, sadəcə daxili bölgü yenilənir. Yəni bu halda əmək haqqı fondu əvvəlki kimi qalır, amma bölgü dəyişir. 8 saatlıq rejimə keçməyən müəllimlərin maaşı müəyyən qədər azalır, həmin vəsaitin hesabına 8 saat işləyənlərin maaşı isə artır. Bu, mahiyyətcə statistik artım effektidir, real artım deyil. Maliyyə baxımından bu, mühasibat balansının bir maddədən digərinə keçirilməsindən ibarətdir".

Hazırkı dövrdə kiminsə əmək haqqının azaldılmasına gediləcəyini də gözləmədiyini söyləyən E.Əmirov qeyd edib ki, ikinci modelin tətbiq edilməsi ağlabatan deyil. Bu sadəcə nəzəri baxımdan mümkün modellərdən biridir:

"Beləliklə, birinci modeldə sistem güclənir, real inkişaf baş verir. Əgər məqsəd bu modeldirsə və Azərbaycan müəllimin əmək haqqını Azərbaycanda orta aylıq əməkhaqqı səviyyəsindən yüksəyə qaldıracaqsa, o zaman bu alqışlanacaq addımdır".

İqtisadçı hesab edir ki, əgər birinci maliyyə modeli tətbiq ediləcəksə onda deməli, bu modelin tətbiq ediləcəyi ilin dövlət büdcəsi ilə bağlı kontekst də nəzərə alınmalıdır:

"Məsələn, gələn ilin dövlət büdcəsinin ümumi xərcləri cəmi 0,3 faiz artıb. Təhsil xərcləri isə 1,6 faiz artıb. Bu hazırkı iqtisadi mərhələnin xüsusiyyətlərini əks etdirir və fiskal siyasətin daha ehtiyatlı, balanslaşdırılmış çərçivədə həyata keçirildiyini göstərir. Təbii ki, belə bir şəraitdə müəllimlərin əməkhaqqı fondunun ümumi yükünü əhəmiyyətli dərəcədə artırmaq çətin olacaq. Çünki mövcud fiskal çərçivədə bu praktik baxımdan çətin icra olunan bir öhdəlikdir".

Vurğulayıb ki, bütün bu məqamlar nəzərə alındıqda, ideya kimi, model kimi, konseptual səviyyədə bu məsələnin müzakirə olunması tamamilə mümkündür və müəyyən istiqamətlər üzrə təhsil sistemi üçün üstünlüklər də yarada bilər:

"Lakin mövcud fiskal imkanların hazırkı konfiqurasiyası fonunda "8 saatlıq iş" mexanizminin məhz indiki mərhələdə gündəmə gətirilməsi optimal zamanlama hesab edilmir".

Mina Mikayılova
Milli.Az