Ölkə üzrə epizootik sabitliyin təmin edilməsi məqsədilə peyvəndləmə tədbirləri 970-dən çox fərdi baytar həkim tərəfindən xidməti müqavilələr əsasında icra olunur. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən təlim-forumda çıxış edərkən məlumat verib.
Sərdar Hacıyev bildirib ki, respublika ərazisində həyata keçirilən peyvəndləmə tədbirləri "Epizootiya əleyhinə tədbirlər planı"na uyğun olaraq ardıcıl şəkildə həyata keçirilir:
"Baytarlıq xidməti biotəhlükəsizliyin və heyvan sağlamlığının təmin olunmasında strateji əhəmiyyət daşıyır. Aqrar Xidmətlər Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq heyvanlar arasında yayılan yoluxucu və zoonoz xəstəliklərə qarşı mütəmadi monitorinqlər aparır, diaqnostika və peyvəndləmə tədbirləri həyata keçirir."
"Heyvan sağlamlığının təmin olunmasında fermerlərə göstərilən aqrar xidmətlərin rolu" mövzusunda keçirilən təlim-forumda çıxış edən Agentlik sədri qeyd edib ki, zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində fermerlərin iştirakı ilə keçirilən silsilə tədbirlər "Vahid Sağlamlıq" konsepsiyası çərçivəsində biotəhlükəsizliyin təmin olunmasına əhəmiyyətli töhfə verir:
"Heyvan sağlamlığı təkcə kənd təsərrüfatının deyil, ümumi ictimai sağlamlığın da ayrılmaz hissəsidir. Bu sahədə yalnız peşəkarların deyil, fermerlərin və ümumilikdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür."
Agentlik sədri əlavə edib ki, aqrar sahədə bilik və bacarıqların artırılması, innovativ yanaşmaların təşviqi və müasir texnologiyaların tətbiqi istiqamətində ardıcıl addımlar atılır. Bu məqsədlə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən mütəmadi olaraq mütəxəssislər, baytar həkimləri və fermerlər üçün təlimlər keçirilir.
Sərdar Hacıyev 2025-ci ilin ilk doqquz ayında Aqrar Təlim Mərkəzi tərəfindən ümumilikdə 6816 fermerə təlim keçirildiyini, bu göstəricinin ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artdığını diqqətə çatdırıb.
Milli.Az