Mbappenin lüks avtomobil SEVGİSİ, amma özü sürə bilmir - FOTOlar

22 Noyabr 2025 04:04

Kilian Mbappe həm meydandakı sürəti, həm də bahalı və yüksək güclü avtomobillərə olan marağı ilə tanınır. Onun illik qazancı - maaş və sponsor müqavilələri ilə birlikdə - yüz milyonlarla avroya çatdığı üçün belə superkarları əldə etmək futbolçu üçün problem yaratmır.

Milli.Az-ın xarici mediaya istinadən xəbərinə görə, Mbappe "Real Madrid"də PSJ-yə nisbətən daha az maaş alsa da, böyük reklam gəlirləri bunu tam şəkildə kompensasiya edir.

Lakin maraqlı bir məqam var: futbolçunun bu qədər bahalı avtomobili olsa da, hələ də sürücülük vəsiqəsi yoxdur. Mbappenin anası Fayza Lamari bildirib ki, oğlu imtahan verməkdən yayınır:

"Dünən ona dedim: 'İmtahandan keç, heç olmasa maşını tək sürə biləcəksən'. Parisdə təhlükəsizlik səbəbindən buna şərait olmadı, Madriddə isə daha rahatdır. O özü də bunu qəbul edir: 'Haqlısan, amma imtahan məni yorur'".

Lamari oğlunu inandırmağa çalışır ki, sürücülük vəsiqəsi ona real azadlıq verəcək: heç bir mühafizəçi və ya sürücü olmadan, 30 dəqiqəlik yolçuluğu öz sevdiyi musiqi fonunda keçirmək imkanı... Amma hələlik Mbappe daha çox oyunlara öz superkarları ilə müxtəlif sürücülər tərəfindən aparılır.

Mbappenin avtomobil kolleksiyasından bəziləri:

Ferrari 488 Pista - qiyməti təxminən 500 min dollar olan, 720 at gücünə malik, 0-dan 100 km/saat sürətədək cəmi 2,85 saniyəyə çatan məhdud istehsal superkarı. Maksimal sürəti 340 km/saatdan artıqdır.

Ferrari 458 - təxminən 300 min dollara başa gələn, Mixael Şumaxerin üstünlük verdiyi modellərdən ilhamlanan İtalyan idman avtomobili.

BMW i7 M70 xDrive - dəyəri 180 min avro civarında olan, "Real Madrid" tərəfindən klub sponsorluğu çərçivəsində futbolçuya təqdim edilmiş tam elektrikli sedan. Komandada ən yüksək versiyanı seçən məhz Mbappe olub.

Futbol ulduzu öz avtomobil kolleksiyası ilə diqqət çəkir, amma hələ ki sükan arxasında onu yox, sürücülərini görmək mümkündür.

Hüseyn
Milli.Az