Şoyqunu öldürmək istədilər

18 Noyabr 2025 00:39

Moskvadakı Troekurovskoye qəbiristanlığında Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu partlatmaq cəhdinin qarşısı alınıb.

Milli.Az xəbər verir ki, terror aktı Ukraynanın sifarişi ilə 12 noyabr tarixində Şoyqunun anasının ölümünün ildönümündə planlaşdırılıb. İstintaqın versiyasına görə, partlayışın təşkili üçün sifarişçilər narkotik asılılığı olan bir kişi və qadını, həmçinin Rusiyada qətl və silah saxlama maddələri üzrə axtarışda olan tacikistanlı miqrantı cəlb ediblər.

Məlumata əsasən, əcnəbi şəxs əldəqayırma partlayıcı qurğunu hazırlayıb, cütlük isə onu noyabrın 11-də ildönümündən bir gün əvvəl Troekurovskoye qəbiristanlığına apararaq Sergey Şoyqunun anası Aleksandra Şoyqunun məzarının yanına yerləşdirib. Şoyqu məzarlığı ziyarət etdikdə vəziyyəti izləmək və detonatoru işə salmaq üçün yaxınlıqda kamera da quraşdırılıb.

Qeyd edək ki, 14 noyabrda Rusiya Federal Təhlükəsizlik Xidməti əldəqayırma bombanın zərərsizləşdirilməsi və şübhəli şəxslərin həbs olunması ilə bağlı görüntülər yayıb. (APA)

Milli.Az