Uzun illər boyunca öz-özünə danışmaq cəmiyyətdə qəribə davranış kimi qiymətləndirilib, hətta bunu "dəlilik" əlaməti sayanlar da olub. Amma müasir psixologiya tamam fərqli nəticələr ortaya qoyur. Mütəxəssislər bildirirlər ki, öz-özünə danışmaq əslində beynin fikirləri nizamlamaq, emosiyaları idarə etmək və stresslə mübarizə aparmaq üçün istifadə etdiyi təbii bir üsuldur.
Milli.Az xəbər verir ki, psixoloqlar bu vərdişin "zehni qarışıqlıq" deyil, əksinə, fərqindəlik və özünü tənzimləmənin göstəricisi olduğunu vurğulayırlar.
Uzun müddət cəmiyyətdə mənfi qəbul edilsə də, aparılan araşdırmalar göstərir ki, öz-özünə danışmaq beyni rahatlaşdırır, düşüncələri qaydaya salır və insanın daha aydın qərar verməsinə kömək edir.
Mütəxəssislərə görə, bu davranış stressin azalmasına, diqqətin toplanmasına və daxili gərginliyin boşalmasına xidmət edir.
Psixoloqlar bildirirlər ki, insan beyni gün ərzində minlərlə düşüncə ilə dolur. Bunları yalnız daxildə saxlamaq əvəzinə, səsli şəkildə ifadə etmək beynin məlumatları daha yaxşı sıralamasına şərait yaradır.
Psixoloq Ebru Kalkan deyir: "İç səsi çölə vurmaq beynin düşüncələri kateqoriyalara ayırmasını asanlaşdırır və insan özünü daha yaxşı eşidir."
Xüsusilə stresli dövrlərdə öz-özünə danışmaq, sanki beynin "yenidən tənzimləmə düyməsini basmaq" kimi təsir göstərir.
Öz-özünə danışmaq emosional tarazlığın qurulmasında da mühüm rol oynayır. İnsanlar çox vaxt qayğı və narahatlıqlarını içinə atır. Amma onları səsli şəkildə ifadə etmək duyğuların anlaşılmasına və idarə olunmasına kömək edir.
İdmançılar və sənətçilər performansdan əvvəl özlərinə "Bacara bilərəm", "Hazıram" kimi cümlələr deyirlər. Bu, özünə güvəni artırır və motivasiya yaradır.
Uşaqlar oyun oynayarkən tez-tez özləri ilə danışır, hekayələr qurur, dialoqlar yaradır. Bu, onların öyrənmə prosesinin tamamilə normal və vacib hissəsidir. Yetkinlikdə isə sosial qaydalar səbəbilə insanlar bu davranışı gizlədir.
Harvard Universitetinin 2023-cü il araşdırmasına görə, öz-özünə danışmağa davam edən şəxslərdə problemləri həll etmə bacarığı daha güclü olur və qayğı səviyyəsi azalır.
Öz-özünə danışmaq yalnız daxili dialoq deyil, həm də bir növ "ayna effekti" yaradır. İnsan hisslərini səsli dedikdə, onlara kənardan baxmaq imkanı əldə edir. Bu isə özünüdərki artırır və insanın özünə daha şəfqətli yanaşmasına səbəb olur.
Nə dediyinizdən çox, necə dediyiniz önəmlidir. Mənfi cümlələr ("Mən bacarmıram", "Mən pisəm") zərər verə bilər, amma müsbət və dəstəkləyici ifadələr ("Bu çətindir, amma öhdəsindən gələ bilərəm") zehni dayanıqlığı artırır.
Lalə Qüdrətova
Milli.Az