Mərkəzi Asiyanın yeni regional arxitekturasında Azərbaycanın artan rolu

17 Noyabr 2025 15:45

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü region ölkələri arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm platformaya çevrilib. Bu format artıq təkcə məsləhətləşmə mexanizmi deyil, regional inteqrasiya modelinin konturlarını müəyyənləşdirən strateji siyasi meydandır. 

Azərbaycanın ardıcıl olaraq üçüncü dəfə bu prosesdə iştirakı və Daşkənddə keçirilən 7-ci Məşvərət Görüşündə tamhüquqlu iştirakçı statusu qazanması ölkəmizin regional siyasətdə rolunun daha da artdığını göstərir. Bu qərar həmçinin Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş, regional sabitliyin təminatçısı və çoxşaxəli əməkdaşlığın təşəbbüskarı kimi nüfuzunun getdikcə daha da yüksəldiyini təsdiqləyir.

Sammitdə xüsusi vurğulanan məqamlardan biri də Mərkəzi Asiya dövlətlərinin Azərbaycanı "strateji nəqliyyat körpüsü" kimi qəbul etməsidir. Bu yanaşma təsadüfi deyil. Azərbaycan son illər ərzində regionun ən müasir və geniş imkanlara malik nəqliyyat-logistika infrastrukturunu formalaşdırıb: Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizi həm Avropaya, həm də Xəzər hövzəsi vasitəsilə Asiyaya bağlayan əsas qovşağa çevirib. 

Bu infrastruktur yalnız yükdaşımaların həcmini artırmır, həm də Mərkəzi Asiyanın Avropa, Yaxın Şərq və Qara dəniz hövzəsi ilə iqtisadi əlaqələrinin şaxələndirilməsinə real imkanlar yaradır.

Mərkəzi Asiya ölkələrinin zəngin enerji ehtiyatlarına malik olduğunu nəzərə aldıqda, Azərbaycanın mövcud boru kəməri infrastrukturu, Xəzərdən Aralıq dənizinədək uzanan enerji dəhlizləri və beynəlxalq enerji layihələrindəki aparıcı rolu regionun enerji xəritəsində yeni sinerji yaradır. Bu sinerji Mərkəzi Asiyanın enerji resurslarının daha sürətli, təhlükəsiz və geniş coğrafiyalara çıxarılmasına şərait yaradır. 

Nəticədə Azərbaycan yalnız tranzit ölkə kimi yox, həm də enerji təhlükəsizliyinin təminində strateji tərəfdaş kimi ön plana çıxır. Bu amillər Azərbaycanın Mərkəzi Asiya üçün dəyərini artırmaqla yanaşı, regionun iqtisadi və geosiyasi arxitekturasında ölkəmizin mövqeyini daha da gücləndirir.

Məşvərət Görüşü həm də regionun gələcək inkişaf modelinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Sammit çərçivəsində ölkələr arasında inteqrasiya layihələrinin müzakirəsi, iqtisadiyyatın müxtəlif sahələrində yeni əməkdaşlıq formatlarının yaradılması və ortaq mövqelərin müəyyənləşdirilməsi Mərkəzi Asiyanın ümumi inkişaf vizyonunun əsas xəttini təşkil edir. 

Azərbaycanın bu platformaya tamhüquqlu qoşulması həm siyasi baxımdan yeni regional birlik modelinin formalaşmasına töhfə verir, həm də ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrinin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsini xarici siyasətinin strateji prioritetlərindən biri kimi müəyyənləşdirməsi tarixi, mədəni və mənəvi bağlılıqlardan irəli gəlir. Bu xalqları birləşdirən ortaq dəyərlər - dil və mədəni yaxınlıq, qardaşlıq münasibətləri, ortaq tarixi yaddaş - siyasi, iqtisadi və humanitar tərəfdaşlığı daha da möhkəmləndirən fundamental baza rolunu oynayır.

Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli səviyyədə qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, dövlət başçılarının müntəzəm qarşılıqlı səfərləri və fəal siyasi dialoq bu əməkdaşlığın uğurunu təmin edən əsas amillərdir. Bu dinamika regionda yeni güc mərkəzinin formalaşdığını, qarşılıqlı fayda prinsipinə əsaslanan əməkdaşlığın isə gələcək onilliklər üçün geniş perspektivlər açdığını göstərir.

Elçin Mehdiyev
Milli.Az