Son dövrlər şəhər yollarında avtobus zolaqlarının çəkilməsi ictimai nəqliyyatdan istifadə edənlərin rahatlığını təmin etmək məqsədi daşıyır.
Bəs, ictimai nəqliyyat istifadəçilərinin maraqları nəzərə alınarkən, şəxsi avtomobillə hərəkət edənlərin vəziyyəti necə?
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Milli.Az-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatdan istifadə edən sərnişinlər nəqliyyat sisteminin konseptual mexanizminin ayrılmaz hissəsidir.
Onun sözlərinə görə, bu insanlar digər hərəkət iştirakçıları ilə müqayisədə daha az təhlükəsizlik riskinə malik olmaqla yanaşı, cəmiyyətin ən həssas qruplarına daxildir.
"Məsələ ondadır ki, ictimai nəqliyyatın rentabelliyini artırmaq və hərəkətin əlaqələndirilməsini təmin etmək məqsədilə görülən tədbirlər sərnişindaşıma prosesinə mənfi təsir etməməlidir. Əksinə, bu addımların əsas məqsədi qəza, piyada vurulması və ölüm hallarını minimuma endirməkdir", - deyə ekspert bildirib.
O, vurğulayıb ki, həm paytaxtda, həm də region mərkəzlərində piyada təhlükəsizliyi və sərnişindaşımanın keyfiyyətli təşkili üçün müəyyən qaydalara ciddi əməl olunması vacibdir.
Mina Mikayılova
Milli.Az