Sosial şəbəkələrdə valideynlər uşaqlar arasında yeni virusun yayıldığını iddia edirlər. Onların paylaşdıqları məlumatlara əsasən, bu virus əsasən səpkilərlə müşahidə olunur.
Valideynlərin bəziləri uşaqlarda yüksək hərarət, halsızlıq, boğaz ağrısı və səpkilər kimi əlamətlərin eyni anda görüldüyünü qeyd edir.
Bəs, həqiqətən də yeni bir virus yayılırmı?
Məsələ ilə bağlı pediatr Vaqif Qarayev Milli.Az-a açıqlamasında bildirib, yeni və təhlükəli bir xəstəliyin yayılmasından danışmaq düzgün olmaz.
Onun sözlərinə görə, hazırda sadəcə mövsümi viruslar müşahidə olunur.
Ümumilikdə təxminən 4-5 fərqli virusun mövcud olduğunu söyləyən V.Qarayev əlavə edib ki, bu virusların arasında səpkili infeksiya da var.:
"Amma bütün səpgilər eyni xarakter daşımır. Buna görə də həkim mütləq şəkildə səpkinin səbəbini araşdırmalı, düzgün diaqnoz qoymalı və uyğun müalicə təyin etməlidir".
Pediatr hesab edir ki, hazırkı mərhələdə təhlükəli vəziyyət müşahidə edilmir:
"Əgər uşaqlarda şübhəli hallar aşkarlanarsa, valideynlər mütləq şəkildə həkimə müraciət etməlidir".
Mina Mikayılova
Milli.Az